İsveçrənin UBS bankı enerji infrastrukturu və kritik əhəmiyyətli faydalı qazıntılar sektorunda uzunmüddətli investisiya imkanlarının genişləndiyini proqnozlaşdırır. Bankın fikrincə, texnologiya səhmlərindəki volatilliyə və şirkətlərin bazar dəyəri ilə bağlı narahatlıqlara baxmayaraq, elektrik enerjisinə artan tələbat, süni intellekt (Sİ) texnologiyalarına yatırımlar və iqtisadiyyatın elektrikləşdirilməsi bu sahələrin inkişafını dəstəkləyəcək.
UBS noyabrın 16-da yaydığı analitik qeyddə elektrik enerjisi və rəqəmsal infrastruktura tələbatın uzunmüddətli investisiya imkanları yaratdığını bildirib. Bank xüsusilə elektrik şəbəkələrinin yenilənməsi, bərpa olunan və atom energetikası, eləcə də sənaye avtomatlaşdırılması sahələrini perspektivli hesab edir.
UBS-in hesablamalarına görə, məlumat mərkəzlərinin genişləndirilməsi də daxil olmaqla, energetika və əlaqəli infrastruktura illik investisiyaların həcmi 2030-cu ilədək 3 trilyon dollara yüksələ bilər.
Bankın istinad etdiyi BloombergNEF proqnozlarına əsasən, 2035-ci ildə ABŞ-da ümumi elektrik enerjisi istehlakının təxminən 9%-i məlumat mərkəzlərinin payına düşəcək. Hazırda bu göstərici təxminən 4% təşkil edir.
Bu tendensiyanın elektrik şəbəkələrinə, yeni generasiya güclərinə və infrastruktur layihələri üçün zəruri olan kritik xammala tələbatı artıracağı gözlənilir.
UBS ABŞ-ın enerji siyasətində mümkün dəyişikliklərin, layihələrin gecikməsinin və icra risklərinin qısamüddətli dövrdə bazarda dəyişkənlik yarada biləcəyini də qeyd edib. Bununla belə, iri investisiya layihələri və geniş sifariş portfeli elektrikləşmə və enerji istehlakının artımından faydalanan şirkətlərin uzunmüddətli perspektivini dəstəkləyir.
UBS süni intellekti infrastruktur xərclərinin əsas hərəkətverici qüvvələrindən biri hesab edir. Bankın proqnozuna görə, Sİ ilə bağlı ümumi kapital xərcləri 2026-cı ildə 1 trilyon dollara, 2027-ci ildə isə 1,4 trilyon dollara çatacaq.
Bu artımın əsas səbəbləri sırasında iri texnologiya şirkətlərinin investisiya öhdəliklərinin genişlənməsi və avtonom proqram agentləri də daxil olmaqla, süni intellekt əsaslı tətbiqlərin daha geniş istifadəsi göstərilir.
Son dövrlərdə Sİ şirkətlərinin səhmlərində müşahidə olunan volatillik isə investorların şirkətlərin qiymətləndirilməsi, mənfəətlilik və yatırılan kapitalın gəlirliliyi məsələlərinə diqqətini artırıb.
Bu şəraitdə UBS yalnız ayrı-ayrı texnologiya şirkətlərinə investisiya yatırmaq əvəzinə, süni intellektin dəyər zəncirinin müxtəlif istiqamətləri üzrə şaxələndirilmiş yanaşmanı tövsiyə edir.
Bank enerji və texnoloji infrastrukturla yanaşı, səhiyyə innovasiyalarını da uzunmüddətli investisiya imkanları sırasında göstərir. UBS-in proqnozuna əsasən, qlobal uzunömürlülük texnologiyaları bazarının illik gəliri 2023-cü ildəki 5,3 trilyon dollardan 2030-cu ilədək 8 trilyon dollara yüksələ bilər.
UBS hesab edir ki, investorlar süni intellekt, energetika və xammal resursları, eləcə də uzunömürlülük sektoruna məqsədyönlü yatırımları şaxələndirilmiş səhm portfellərində birləşdirməklə uzunmüddətli artım imkanlarını sahəvi risklərlə balanslaşdıra bilərlər.
MONETAR.AZ