2027-ci il üzrə proqnozlara əsasən, elektron ticarət satışlarının ən sürətlə artacağı ölkə Hindistandır. Bu ölkədə pərakəndə onlayn satışların illik orta artım tempinin 14,11 faiz olacağı gözlənilir. Braziliya 14,07 faizlə ikinci, Argentina 13,63 faizlə üçüncü yerdə qərarlaşıb.
Monetar.az xəbər verir ki, Beynəlxalq Ticarət Administrasiyasının (ITA) məlumatları əsasında hazırladığı araşdırmada 12 ölkə üzrə elektron ticarət satışlarının illik artım tempi müqayisə edilib.
Reytinqdə Türkiyə 13,57 faizlə dördüncü, Meksika 12,93 faizlə beşinci, Rusiya isə 12,78 faizlə altıncı yerdə qərarlaşıb. Çin 12,17 faizlə yeddinci, Cənubi Afrika 11,89 faizlə səkkizinci, İtaliya isə 11,59 faizlə doqquzuncu olub.
ABŞ-da elektron ticarət satışlarının illik orta artım tempinin 11,22 faiz təşkil edəcəyi proqnozlaşdırılıb. Bu göstərici 11,16 faizlik qlobal səviyyədən cüzi yüksəkdir. Kanada və İndoneziyada isə artım tempinin müvafiq olaraq 10,55 və 10,41 faiz olacağı gözlənilir.
Beləliklə, müqayisəyə daxil edilən 12 ölkədən 10-da elektron ticarət satışlarının qlobal göstəricidən daha sürətlə artacağı proqnozlaşdırılır. Hindistanla Braziliya arasındakı fərq isə cəmi 0,04 faiz bəndidir.