Süni intellekt modellərinin performansını qiymətləndirən Artificial Analysis Intelligence Index reytinqində Anthropic şirkətinin Fable 5.2 modeli birinci yerdə qərarlaşıb. Model 64,6 bal toplayaraq OpenAI-nin GPT-6.2 Astra modelini 2,5 bal qabaqlayıb.
Monetar.az xəbər verir ki, Anthropic 2026-cı ilin aprelindən etibarən ardıcıl yeddi aydır bu reytinqdə liderliyini qoruyur. Bu, şirkətin indiyədək lider mövqedə qaldığı ən uzun müddətdir.
Süni intellekt sahəsində iki şirkət arasında rəqabət son illərdə daha da sürətlənib. 2024-cü ilin sentyabrından 2026-cı ilin aprelinədək reytinqdə liderlik səkkiz dəfə dəyişib. Bu müddətdə hər iki şirkətin yeni modelləri bir-birinin nəticələrini üstələməyə çalışıb.
2026-cı ilin noyabr ayının ortalarınadək Anthropic və OpenAI ümumilikdə 13 qabaqcıl süni intellekt modeli təqdim ediblər. Bu göstərici 2024 və 2025-ci illərdə hər iki şirkətin birlikdə təqdim etdiyi 11 modeldən çoxdur.
Model təqdimatlarının sürəti də artıb. 2025-ci ildə şirkətlər orta hesabla hər 52 gündən bir yeni qabaqcıl model təqdim edirdilərsə, 2026-cı ildə bu müddət təxminən 25 günə enib. Yeni modellərin 8-i Anthropic, 5-i isə OpenAI tərəfindən hazırlanıb.
Rəqabətin sürətlənməsi istifadəçi bazarında da özünü göstərir. 2024-cü ilin sonunda ChatGPT qlobal süni intellekt çatbotlarının veb-sayt trafikinin 88 faizinə sahib olduğu halda, 2026-cı ilin sentyabrında bu pay 56 faizə düşüb. Bu müddətdə Anthropic-in Claude və Google-un Gemini platformaları bazardakı mövqelərini gücləndiriblər.