İnternet senzurasının ən yüksək olduğu ölkələr 

İnternet senzurasının

Dünyada internetdə siyasi məlumatların hökumət tərəfindən məhdudlaşdırılması səviyyəsinə görə Şimali Koreya ilk sırada qərarlaşıb. Efiopiya və Əlcəzair növbəti yerləri tutub. Türkiyə isə 179 ölkənin yer aldığı siyahıda 20-ci olub.

Monetar.az xəbər verir ki, bu nəticələr Digital Society Project təşkilatının 2026-cı il üzrə Rəqəmsal Cəmiyyət Sorğusunun məlumatları əsasında hazırlanıb. Araşdırma 2025-ci ildə 179 ölkədə internetdə siyasi məlumatların məhdudlaşdırılması səviyyəsini əhatə edir.

Reytinqə görə, Şimali Koreya mənfi 3,74 balla ilk sırada yer alıb. Efiopiya mənfi 3,26 balla ikinci, Əlcəzair isə mənfi 3,23 balla üçüncü olub. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri hər biri mənfi 3,21 balla növbəti yerləri tutub.

İlk onluqda Türkmənistan, Çin, Nikaraqua, Vyetnam və Eritreya da yer alıb. İran 11-ci, Belarus 12-ci, Rusiya 19-cu, Türkiyə isə 20-ci olub.

Araşdırmada internet senzurasının ən aşağı olduğu ölkələr də müəyyənləşdirilib. Belçika 2,70 balla ilk sırada, Litva 2,56 balla ikinci, Norveç isə 2,50 balla üçüncü yerdə qərarlaşıb. Danimarka və Finlandiya da ən az məhdudiyyət tətbiq olunan ölkələr arasındadır.

Məlumatda diqqətçəkən məqamlardan biri internetə çıxış səviyyəsinin yüksək olmasının sərbəst informasiya əldə etmək imkanlarına zəmanət verməməsidir. Belə ki, Səudiyyə Ərəbistanı və BƏƏ-də internetdən istifadə səviyyəsi 100% olsa da, hər iki ölkə siyasi məlumatların məhdudlaşdırılması üzrə ilk beşlikdə qərarlaşıb.

Qeyd edək ki, araşdırmada ballar ekspert qiymətləndirmələrinə əsaslanır. Mənfi göstəricilər internetdə siyasi məlumatların daha ciddi məhdudlaşdırıldığını, müsbət göstəricilər isə məhdudiyyətlərin daha az olduğunu ifadə edir.