2050-ci ildə demoqrafik mənzərə dəyişəcək

2050-ci ildə demoqrafik

2050-ci ilədək Hindistanın əhalisinin 1,62 milyard nəfərə çatacağı, Çinlə fərqin isə təxminən 338 milyon nəfərə yüksələcəyi proqnozlaşdırılır. Eyni dövrdə Nigeriya ABŞ-ı geridə qoyaraq dünyanın ən çox əhalisi olan üçüncü ölkəsinə çevrilə bilər.

Monetar.az xəbər verir ki, bu nəticələr ABŞ Siyahıyaalma Bürosunun Beynəlxalq Məlumat Bazası əsasında hazırlanan proqnozlarda əks olunub.

2026-cı ildə Hindistan 1,43 milyard nəfərlə dünya əhalisinin sayına görə ilk sıradadır. Çin 1,41 milyard nəfərlə ikinci, ABŞ isə 339,5 milyon nəfərlə üçüncü yerdə qərarlaşıb. İlk beşliyə, həmçinin İndoneziya və Pakistan daxildir.

Proqnozlara görə, 2050-ci ildə də Hindistan və Çin ilk iki yerdə qalacaq. Lakin Hindistanın əhalisinin 193 milyon nəfər artaraq 1,62 milyarda çatacağı, Çinin əhalisinin isə 121 milyon nəfər azalaraq 1,28 milyarda enəcəyi gözlənilir.

Ən böyük dəyişikliklərdən biri Afrikada baş verəcək. Hazırda 250 milyon nəfərlik əhalisi ilə altıncı yerdə olan Nigeriyanın əhalisinin 2050-ci ilədək 404,7 milyona çatacağı proqnozlaşdırılır. Bununla da ölkə ABŞ-ı geridə qoyaraq üçüncü sıraya yüksələcək.

Konqo Demokratik Respublikasının əhalisinin isə 125,2 milyondan 244,9 milyona çatacağı gözlənilir. Bu artım ölkənin dünya reytinqində 11-ci yerdən yeddinci yerə yüksəlməsinə imkan verə bilər.

Pakistanın əhalisinin 366,6 milyona çataraq ABŞ-ı geridə qoyacağı, İndoneziyanın isə 327,1 milyon nəfərlə altıncı yerdə qərarlaşacağı proqnozlaşdırılır.

Afrikanın digər ölkələri də reytinqdə mövqelərini yaxşılaşdıracaq. Efiopiyanın əhalisinin 195,6 milyona, Misirin 150,7 milyona, Tanzaniyanın isə 129,3 milyona çatacağı gözlənilir.

Proqnozlar Çin və Nigeriyanın demoqrafik gələcəyində ciddi fərqləri də ortaya qoyur. 2050-ci ildə Çində əhalinin median yaşının 53,1, Nigeriyada isə 24,9 olacağı gözlənilir. Bu fərq Çində əhalinin yaşlanması və əmək qüvvəsinin azalması, Nigeriyada isə gənc əhali üçün iş yerlərinin yaradılması məsələsini ön plana çıxaracaq.