Avro 1,1 dollardan aşağı düşdü - 2025-ci ilin aprelindən bəri ən aşağı səviyyə

Avro 1,1 dollardan aşağı düşdü - 2025-ci ilin aprelindən bəri

 Avropa valyutası ABŞ dolları qarşısında ucuzlaşmaqda davam edərək 1,10 dollar həddindən aşağı düşüb. Bu, 2025-ci ilin aprelindən bəri avronun qeydə aldığı ən aşağı məzənnədir. Dolların qlobal mövqeyinin güclənməsi və ABŞ Federal Ehtiyat Sistemi (FED) ilə Avropa Mərkəzi Bankının (AMB) pul siyasətləri arasındakı fərqlərin artması avroya təzyiq göstərir.

Monetar.az xəbər verir ki, Fransada davam edən siyasi və büdcə qeyri-müəyyənliyi, avrozonada iqtisadi artım perspektivlərinin pisləşməsi və AMB-nin növbəti prezidentinin kim olacağı ilə bağlı müzakirələr də vahid valyutanın mövqeyini zəiflədib.

Bazar iştirakçıları FED-in 2027-ci ilin sonunadək faiz dərəcələrini ən azı üç dəfə, AMB-nin isə əlavə iki dəfə 0,25 faiz bəndi artıracağını proqnozlaşdırırlar. Bununla belə, iqtisadçıların əksəriyyəti AMB-nin dekabr ayından sonra faiz artımlarını dayandıracağını gözləyir.

Digər tərəfdən, Almaniya Markus Brunnermeieri AMB-nin baş iqtisadçısı vəzifəsinə namizəd göstərib. Bu təyinat İspaniyanın sabiq mərkəzi bank rəhbəri Pablo Hernández de Kosun Kristin Laqardı AMB prezidenti vəzifəsində əvəz etməsi ehtimalını gündəmə gətirib.

Avropa İttifaqı (Aİ) liderlərinin gələn həftə keçiriləcək sammitdə qurumun rəhbərliyində mümkün dəyişiklikləri müzakirə edəcəkləri gözlənilir. Məlumata görə, Kristin Laqardın vəzifəsini nəzərdə tutulandan təxminən 9 ay əvvəl, fevral ayında tərk etməsi ehtimal olunur.