Bu gün Ağdam Şəhəri Günüdür

Bu gün Ağdam

Hər il noyabrın 20-də Azərbaycanda Ağdam Şəhəri Günü qeyd olunur. Bu tarix Ağdamın 2020-ci ildə Ermənistanın işğalından azad edilərək Azərbaycana qaytarılması ilə bağlıdır.

Monetar.az xəbər verir ki, 2020-ci il noyabrın 20-də imzalanmış üçtərəfli bəyanata əsasən, Ağdam rayonu hərbi əməliyyatlar keçirilmədən Azərbaycana təhvil verilib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü elan edilib.

Ağdam şəhərinin əsası XVIII əsrdə qoyulub. Tarixi və memarlıq abidələri ilə zəngin olan şəhər Qarabağın mühüm mədəniyyət və sənaye mərkəzlərindən biri hesab edilib.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri Ağdamın böyük hissəsini işğal edib. İşğal dövründə rayon uğrunda gedən döyüşlərdə 5 897 nəfər şəhid olub, 3 531 nəfər yaralanıb. Rayonun iqtisadiyyatına və infrastrukturuna dəymiş zərərin 13 milyard 135 milyon dollar olduğu bildirilir.

İşğaldan əvvəl Ağdam rayonunun 143 min nəfər əhalisi olub. Rayonun ərazisində 1 şəhər, 14 qəsəbə və 123 kənd yerləşib. Burada sənaye müəssisələri, məktəblər, səhiyyə ocaqları, mədəniyyət evləri və digər sosial obyektlər fəaliyyət göstərib.

İşğaldan azad edildikdən sonra Ağdamda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Şəhərin Baş planı hazırlanıb, yaşayış kompleksləri, məktəblər, uşaq bağçaları və digər infrastruktur obyektləri inşa edilib.

Hazırda Ağdamda keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində yaşayış bərpa olunub, sakinlərin məskunlaşması üçün yeni evlər və sosial obyektlər istifadəyə verilib.