Monetar.az xəbər verir ki, bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev “Dövlət-biznes əməkdaşlıq forumu” çərçivəsində keçirilən panel sessiyada bildirib.
Onun sözlərinə görə, hazırda vətəndaşlar icbari tibbi sığorta hesabına yalnız stasionar şəraitdə müalicə zamanı istifadə olunan dərman preparatları və tibbi sərfiyyat materialları ilə təmin edilirlər. Ambulator müalicə zamanı həkim tərəfindən reseptlə təyin olunan dərmanları isə vətəndaşlar öz vəsaitləri hesabına alırlar.
R.Rzayev qeyd edib ki, gələn ilin aprelindən bu sahədə yeni mexanizmin tətbiqinə başlanılması nəzərdə tutulur. Bununla bağlı funksional, qanunvericilik və normativ sənədlər hazırlanıb, müvafiq layihələr təsdiqə göndərilib.
İlkin mərhələdə arterial hipertenziyanın, yəni yüksək qan təzyiqinin müalicəsində istifadə olunan dərman vasitələrinin təmin edilməsi planlaşdırılır. Bu məqsədlə 26 adda dərman preparatının xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur.
Agentlik rəhbərinin sözlərinə görə, dərmanların vətəndaşlara çatdırılmasında özəl aptek təşkilatları da iştirak edəcək. Apteklərin müvafiq sistemə qoşulması və elektron resept əsasında dərman təminatının həyata keçirilməsi üçün texniki tapşırıqlar hazırlanıb.
Qeyd edək ki, yeni mexanizmin tətbiqi dərman xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanmasına və ambulator müalicə alan vətəndaşların maliyyə yükünün azaldılmasına imkan yarada bilər.