Avstraliyada əmək bazarının zəifləməsi fonunda işsizlik səviyyəsi oktyabr ayında son beş ilin ən yüksək həddinə çatıb. Məşğulluğun proqnozların əksinə olaraq kəskin azalması Avstraliya Ehtiyat Bankının (AEB) faiz dərəcələrini dəyişməz saxlaya biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.
Avstraliya Statistika Bürosunun məlumatına görə, mövsümi amillər nəzərə alınmaqla işsizlik səviyyəsi sentyabrdakı 4,7%-dən oktyabrda 4,9%-ə yüksəlib. Analitiklər isə göstəricinin 4,7% səviyyəsində qalacağını gözləyirdilər.
Məşğulluq göstəricisi də bazar proqnozlarından xeyli zəif olub. Belə ki, 25 500 nəfərlik artım əvəzinə məşğul əhalinin sayı 43 500 nəfər azalıb. Bu, son dörd ay ərzində qeydə alınan üçüncü azalma olub. İşsizlərin sayı isə 17 800 nəfər artaraq 753 700 nəfərə çatıb.
Statistik məlumatların açıqlanmasından sonra Avstraliya dolları təzyiq altında qalıb. AUD/USD valyuta cütlüyü 0,4% ucuzlaşaraq 0,6691 dollar səviyyəsinə enib. S&P/ASX 200 fond indeksi də 0,9% geriləyərək 8 741 bəndə düşüb.
Əmək bazarındakı zəifləmə AEB-nin pul siyasətini sərtləşdirməyə davam edib-etməyəcəyi ilə bağlı müzakirələri gücləndirir. Mərkəzi bank noyabrın 4-də faiz dərəcəsini 25 baza bəndi artıraraq 4,85%-ə çatdırıb. Bu, cari il ərzində beşinci artım olub. Fevral ayından bəri borclanma dəyəri ümumilikdə 125 baza bəndi yüksəldilib və bununla da bank 2025-ci ildə başladığı faiz endirimi siyasətini qismən geri çevirib.
Bununla belə, inflyasiya təzyiqi hələ də yüksək olaraq qalır. Sentyabr ayına qədər olan 12 aylıq dövrdə Avstraliyada istehlak qiymətləri indeksi 4,3%, baza inflyasiyası kimi hesablanan «trimmed mean» göstəricisi isə 3,6% artıb. Hər iki göstərici AEB-nin 2-3%-lik hədəf diapazonunu üstələyir.
Mərkəzi bank inflyasiyanın 2027-ci ilin böyük hissəsində 3%-dən yüksək qalacağını proqnozlaşdırır. Digər tərəfdən, iqtisadi artım tempində də zəifləmə müşahidə olunur. AEB-nin məlumatına əsasən, ÜDM 2025-ci ilin ikinci rübündə 0,4%, illik müqayisədə isə 2,1% artıb. Bu göstəricilər bankın hesabladığı potensial iqtisadi artım tempindən aşağıdır.
«Capital Economics» konsaltinq şirkəti hesab edir ki, əmək bazarına dair son statistika AEB-nin əlavə faiz artımlarından çəkinəcəyi ilə bağlı gözləntiləri gücləndirir.
Şirkətin analitikləri bildiriblər ki, əmək bazarının sürətlə zəifləməsi fonunda mərkəzi bankın pul siyasətini daha da sərtləşdirməsi ehtimalı aşağıdır. Onların diqqət çəkdiyi digər məqam işsizlik səviyyəsinin AEB-nin dördüncü rüb üçün nəzərdə tutduğu 4,7%-lik proqnozu artıq üstələməsidir. Trend göstəricisi də 4,8%-ə yüksəlib.
«Capital Economics» əmək bazarındakı vəziyyətin gələcəkdə daha da pisləşəcəyini gözləyir. Şirkət AEB-nin növbəti mühüm addımının, böyük ehtimalla, gələn ilin sonuna yaxın faiz dərəcəsini azaltmaq olacağı qənaətindədir.
MONETAR.AZ