Noyabrın 22-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan, eləcə də təhsilini başa vurmuş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı təşkil edəcək. İmtahan çərçivəsində əcnəbi iddiaçılar üçün Azərbaycan dili üzrə də sınaq keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahanda ümumilikdə 253 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00-da başlayacaq. İştirakçıların binaya buraxılışı saat 09:45-də başa çatacaq. Bu vaxtdan sonra gələn şəxslər imtahana buraxılmayacaqlar.
İmtahana gələn iddiaçılar şəxsiyyətlərini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər. İmtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda gəlmək tələb olunur.
İmtahanın ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, növbəti 1 saat 30 dəqiqəsi isə yazılı tapşırıqların, o cümlədən esse və vizual məlumatın yazılı təsvirinin hazırlanmasına ayrılacaq. İmtahanlar kompüterlər vasitəsilə elektron formada keçiriləcək.
İmtahanın təşkili üçün iki bina ayrılıb. Prosesə üç zal administratoru, iki ümumi imtahan rəhbəri, 17 nəzarətçi və buraxılış rejimi üzrə üç mühafizə əməkdaşı cəlb olunacaq.
Noyabrın 22-də keçiriləcək imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə sınağa buraxılmayacaqlar.
Danışıq bloku üzrə imtahan noyabrın 26-da keçiriləcək. Həmin mərhələdə iştirak etməyən şəxslər ilk dörd blok üzrə 30 və ya daha yüksək bal toplasalar belə, onlara şəhadətnamə verilməyəcək.
DİM-in məlumatına əsasən, test tapşırıqlarının hər düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və danışıq blokları üzrə tapşırıqlar 10 ballıq şkala ilə qiymətləndirilir. İmtahan üzrə maksimum nəticə 50 baldır.
İmtahandan uğurla keçmiş hesab olunmaq üçün iddiaçılar dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə, yazı və danışıq bloklarının hər biri üzrə mümkün balların ən azı 20 faizini toplamalıdırlar.
Bununla yanaşı, xarici dillər üzrə fəlsəfə doktoru imtahanında ümumi nəticə ən azı 30 bal, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə imtahanda isə ən azı 25 bal olmalıdır.