18 noyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları üçün “İş mühitində stresin rolu və onunla mübarizə yolları” mövzusunda təlim keçib.
Təlim çərçivəsində iştirakçılara stresin yaranma səbəbləri, əsas növləri və xarakterik əlamətləri barədə məlumat verilib. Eyni zamanda, stresin insanın fiziki və psixoloji sağlamlığına, gündəlik həyatına və peşə fəaliyyətinə təsiri ətrafında fikir mübadiləsi aparılıb.
Təlimin praktiki mərhələsində iştirakçılar iş prosesi və gündəlik həyatla əlaqəli müxtəlif situasiyaları təhlil edərək stresə səbəb olan amilləri müəyyənləşdiriblər. Həmin halların mümkün həlli yolları müzakirə olunub. Nümunələr əsasında hadisələrə verilən şərhin insanın emosional reaksiyasına necə təsir göstərdiyi də izah edilib.
Görüş zamanı gərginliyin azaldılmasına kömək edən nəfəs və relaksasiya məşqləri, işlərin vaciblik və təcililik dərəcəsinə uyğun planlaşdırılması üsulları, eləcə də stresin idarə olunması üçün fərdi fəaliyyət planının hazırlanması barədə tövsiyələr təqdim edilib.