Milyarderlər pul xərcləməyin başqa yolunu tapıblar

Milyarderlər pul xərcləməyin

2026-cı ildə dünyanın ən varlı şəxslərinin xeyriyyə məqsədilə etdiyi ianələrin ümumi həcmi rekord səviyyəyə - 220 milyard dollara çatıb. İl ərzində ən böyük fərdi ianəni amerikalı investor Uorren Baffet edib. O, ümumi dəyəri 5,5 milyard dollar olan "Berkşir Hetavey" şirkətinin səhmlərini 4 xeyriyyə fonduna bağışlayıb.

Monetar.az xəbər verir ki,  2026-cı ildə milyarderlərin etdiyi ən böyük beş xeyriyyə ianəsi arasında təhsil, ətraf mühitin mühafizəsi və sosial layihələrə yönəldilən vəsaitlər üstünlük təşkil edib.

Siyahının ilk pilləsində 5,5 milyard dollarlıq ianə ilə Uorren Baffet qərarlaşıb. Noyabrın 16-da o, "Berkşir Hetavey" şirkətinin 6 150 ədəd A sinif səhmini 9 milyon 225 min ədəd B sinif səhminə çevirərək dörd xeyriyyə fonduna verib. Səhmlərin 3 milyon 690 mini mərhum həyat yoldaşının adını daşıyan Syuzan Tompson Baffet Fonduna, qalan hissəsi isə övladlarının xeyriyyə fondlarına yönəldilib.

İkinci yerdə "Sitadel" investisiya fondunun təsisçisi Ken Qriffin qərarlaşıb. O, ABŞ-ın Karnegi Mellon Universitetinə 3 milyard dollar ianə edib. Vəsaitin universitetin Pittsburqdakı kampusunun yenilənməsinə, Mayamidə yeni kampusun yaradılmasına və kompüter elmləri məktəbinin inkişafına sərf olunması nəzərdə tutulur. İanənin 500 milyon dolları Kennet K. Qriffin adına Kompüter Elmləri Məktəbinə ayrılıb.

Üçüncü yerdə 200 milyon dollarlıq ianə ilə "Amazon" şirkətinin təsisçisi Ceff Bezos yer alıb. O, noyabr ayında şirkətin 771 492 səhmini qeyri-kommersiya təşkilatlarına bağışlayıb. Bununla belə, ianəni qəbul edən təşkilatların adları açıqlanmayıb. Bezosun 2026-cı ildə bağışladığı "Amazon" səhmlərinin ümumi dəyəri isə ən azı 629,1 milyon dollar təşkil edib.

Dördüncü yerdə avstraliyalı milyarderlər Aleksandra və Culian Bert qərarlaşıb. Cütlük 2026-cı ildə Avstraliyada fəaliyyət göstərən 10 təbiəti mühafizə təşkilatına ümumilikdə 120 milyon dollar ianə edib. Bu vəsait biomüxtəlifliyin qorunması, ekosistemlərin bərpası və yerli heyvan növlərinin mühafizəsi layihələrinə yönəldilir. İanələrdən 25 milyon dollar Avstraliya Vəhşi Təbiəti Mühafizə Təşkilatına, daha 25 milyon dollar isə "Buş Heritec Avstraliya" təşkilatına verilib.

İlk beşliyi 42 milyon dollarlıq ianə ilə Makkenzi Skott tamamlayıb. O, oktyabr ayında aztəminatlı ailələrdən olan tələbələrin ali təhsil və karyera imkanlarını genişləndirməklə məşğul olan "10 000 Dərəcə" qeyri-kommersiya təşkilatına bu məbləği bağışlayıb. Bu, təşkilatın tarixində aldığı ən böyük ianə olub.

Makkenzi Skott son illərdə ümumilikdə 26 milyard dollardan çox vəsaiti minlərlə təşkilata bağışlayıb. O, ianələri zamanı təşkilatlardan vəsaitlərin xərclənməsi ilə bağlı mürəkkəb hesabat prosedurları tələb etməməsi ilə tanınır. Məlumata görə, milyarder sərvətinin təxminən 46%-ni xeyriyyə məqsədlərinə yönəldib.