Azərbaycanda peşə təhsili müəssisələrinin sayı son 10 ildə 113-dən 79-a düşüb.
Monetar.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət – 2026” statistik məcmuəsinə istinadən xəbər verir ki, 2016-cı ildə ölkədə 113 peşə təhsili müəssisəsi fəaliyyət göstərdiyi halda, 2026-cı ilin əvvəlində onların sayı 79 olub.
Maraqlıdır ki, müəssisələrin sayı azalsa da, burada təhsil alanların sayı əksinə artıb.
Belə ki, 2016-cı ildə peşə məktəblərində 24 482 tələbə olduğu halda, 2026-cı ildə bu rəqəm 40 820 nəfərə çatıb.
Təkcə son bir ildə peşə təhsili müəssisələrinin sayı 87-dən 79-a düşüb. Eyni zamanda, tələbələrin sayı 35 262-dən 40 820-yə yüksəlib.
Beləliklə, bir ildə peşə təhsili alanların sayı 5 558 nəfər və ya 15,8% artıb.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda 109 peşə təhsili müəssisəsi fəaliyyət göstərib və burada 27 330 tələbə təhsil alıb.