Bu gün Ümumdünya Uşaq Hüquqları Günüdür

 Bu gün Ümumdünya

Hər il noyabrın 20-də dünyada Ümumdünya Uşaq Hüquqları Günü qeyd olunur. Bu gün uşaqların hüquqlarının qorunmasına, onların rifahının yaxşılaşdırılmasına və sağlam inkişafı üçün yaradılan şəraitə diqqət çəkmək məqsədi daşıyır.

Monetar.az xəbər verir ki, 1954-cü ildə BMT Baş Məclisi bütün ölkələrə uşaqların rifahının yaxşılaşdırılmasına həsr olunan xüsusi günün qeyd edilməsini tövsiyə edib.

1959-cu il noyabrın 20-də BMT Baş Məclisi Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Bu tarix də təsadüfi deyil. Noyabrın 20-si məhz həmin sənədlərin qəbul edilməsi ilə əlaqədar Uşaq Hüquqları Günü kimi qeyd olunur.

Uşaq hüquqları haqqında Konvensiya dünyada bütün uşaqların hüquqlarını müəyyən edən beynəlxalq sənəddir. 54 maddədən ibarət olan Konvensiya uşaqların yaşamaq, inkişaf etmək, müdafiə olunmaq və cəmiyyətin həyatında iştirak etmək hüquqlarını əhatə edir.

Sənədə əsasən, uşaqların təhsil almaq, oynamaq, istirahət etmək, məlumat əldə etmək və dini etiqad azadlığı inkişaf hüquqlarına daxildir. Müdafiə hüquqları isə onların zorakılıqdan, müharibələrdən, istismardan, uşaq əməyindən və narkotik maddələrin təsirindən qorunmasını nəzərdə tutur.

Konvensiyada uşaqların sərbəst fikir bildirmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün zəruri ehtiyaclarının qarşılanması hüquqları da təsbit olunub.