20 noyabr Qarakənd faciəsinin ildönümüdür

20 noyabr Qarakənd

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycanın rəsmi şəxslərini və jurnalistləri daşıyan "Mi-8" vertolyotu vurulub. Hadisə nəticəsində 22 nəfər həlak olub.

Monetar.az xəbər verir ki, vertolyotda Azərbaycanın dövlət xadimləri, jurnalistlər, eləcə də Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri olub.

Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov, həmçinin telejurnalist Alı Mustafayev də yer alıb.

Hadisədən sonra ilkin olaraq vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülüb. Lakin bir neçə gün sonra onun vurulduğu təsdiqlənib.

Faktla bağlı 1991-ci ildə cinayət işi açılıb və istintaq Respublika Prokurorluğuna həvalə edilib. Lakin hadisənin baş verdiyi ərazinin işğal altında olması səbəbindən istintaq sonradan dayandırılıb.

Qarakənd faciəsi Azərbaycanın müasir tarixində ən ağır hadisələrdən biri kimi yadda qalıb.