Dünyanın ən bahalı “Big Mac”i İsveçrədə satılır - Azərbaycan 36-cı yerdədir

Dünyanın ən bahalı “Big Mac”i İsveçrədə satılır -

2026-cı ilin iyul ayına olan məlumatlara əsasən, “Big Mac” hamburgerinin ən baha satıldığı ölkə İsveçrədir. Burada bir hamburgerin qiyməti 9,04 dollar təşkil edir. Azərbaycan isə 4,26 dollar göstərici ilə 54 ölkə və ərazi arasında 36-cı yerdə qərarlaşıb.

Monetar.az xəbər verir ki, “The Economist” jurnalının “Big Mac” indeksi əsasında hazırlanan araşdırmada 53 ölkə, ərazi və avrozonada hamburgerin qiymətləri müqayisə edilib.

Reytinqdə İsveçrədən sonra Uruqvay 8,94 dollarla ikinci, Norveç isə 8,05 dollarla üçüncü yerdə qərarlaşıb. İlk beşliyi Kolumbiya (8 dollar) və İsrail (7,67 dollar) tamamlayıb.

Böyük Britaniyada “Big Mac”in qiyməti 7,40 dollar, İsveçdə 7,16 dollar, avrozonada 7,08 dollar, Danimarkada 7,04 dollar, Kosta Rikada isə 7 dollar təşkil edib. Türkiyə 6,91 dollarla 11-ci yerdə qərarlaşıb.

ABŞ-da hamburgerin qiyməti 6,22 dollar olub. Bu göstərici ilə ölkə reytinqdə 13-cü yeri tutub. Polşada da qiymət eyni səviyyədə qeydə alınıb.

Azərbaycan 4,26 dollar göstərici ilə 36-cı yerdə qərarlaşıb. Ölkəmizdən sonra Tailand (4,02 dollar), Rumıniya (4,01 dollar), Oman (3,97 dollar) və Çin (3,91 dollar) gəlir.

“Big Mac”in ən ucuz olduğu ölkə isə İndoneziyadır. Burada hamburgerin qiyməti 2,38 dollar təşkil edir. Tayvanda qiymət 2,42 dollar, Hindistanda isə 2,45 dollardır. Beləliklə, İsveçrədəki “Big Mac” İndoneziyadakından təxminən 3,8 dəfə bahadır.

Qeyd edək ki, “Big Mac” indeksi müxtəlif ölkələrdə eyni məhsulun qiymətini ABŞ dolları ilə müqayisə etməklə valyutaların alıcılıq qabiliyyətini və məzənnələrdəki fərqləri təhlil etmək üçün istifadə olunur. Bununla belə, indeks ölkələrdəki gəlir səviyyəsini və yerli əhalinin real alıcılıq imkanlarını birbaşa nəzərə almır.