Ceyranbatan su anbarından Abşeron Magistral kanalını qidalandıran 1200 millimetrlik sifon boru xətlərinin əsaslı təmiri üçün 1 milyon 54 min 220 manat vəsait ayrılması nəzərdə tutulur.
Monetar.az xəbər verir ki, bu məqsədlə “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyəti satınalma müsabiqəsi elan edib.
Satınalmanın ehtimal olunan qiyməti 1 054 220 manat müəyyənləşdirilib. Müsabiqə 2026/AT/05881/V1 nömrəsi ilə dərc olunub.
Layihə çərçivəsində ümumi uzunluğu 750 poqonmetr olan, diametri 1200 millimetr təşkil edən iki sifon boru xəttinin təmiri nəzərdə tutulur. Hər bir xəttin uzunluğu 375 metr olacaq.
Beləliklə, layihənin ümumi ehtimal olunan dəyəri nəzərə alınmaqla, boru xəttinin hər bir metrinin təmirinə orta hesabla 1 405,63 manat vəsait düşür. Bu məbləğə yalnız boruların quraşdırılması deyil, bütün əlavə tikinti və təmir işləri də daxildir.
Satınalma şərtlərinə əsasən, işlər çərçivəsində torpaq qazıntısı, xəndəklərin hazırlanması, polad boruların quraşdırılması və hidravlik sınaqlardan keçirilməsi həyata keçiriləcək.
Bundan başqa, boru kəmərlərinə korroziyaya qarşı izolyasiya çəkiləcək, iki ədəd 1200 millimetrlik və bir ədəd 1000 millimetrlik siyirtmə quraşdırılacaq. Layihədə polad dirsək, keçid və kompensatorların quraşdırılması da nəzərdə tutulub.
Müsabiqənin dərc edilmə tarixi 19 noyabr 2026-cı ildir. Təkliflərin qəbulu və zərflərin açılması 17 dekabr 2026-cı il saat 18:00-a müəyyən edilib.