Böyük Britaniya və Avropa İttifaqı münasibətləri yenidən qurmağa hazırlaşır

Böyük Britaniya və Avropa İttifaqı münasibətləri

Böyük Britaniya və Avropa İttifaqının bu gün keçiriləcək sammitdə ərzaq ticarətinin asanlaşdırılması, karbon emissiyaları və gənclərin mobilliyi ilə bağlı bir sıra razılaşmalar əldə edəcəyi gözlənilir. Görüş Böyük Britaniyanın Aİ-dən çıxmaq qərarına səs verməsindən on il sonra tərəflər arasında iqtisadi və tənzimləyici əlaqələrin yenidən nəzərdən keçirilməsi baxımından əhəmiyyət daşıyır.

Keçmiş baş nazir Kir Starmerin istefası səbəbindən iyul ayından təxirə salınan sammitin əsas məqsədi Brexit-dən sonra yaranmış iqtisadi və tənzimləyici çətinliklərin aradan qaldırılmasıdır.

Gözlənilən razılaşmalar arasında ən mühüm istiqamətlərdən biri heyvanların, bitkilərin və onlardan əldə olunan məhsulların sərhədlərarası ticarətinin sadələşdirilməsidir. Yeni mexanizm qüvvəyə minərsə, bu məhsulların daşınması zamanı hazırda tələb olunan bir sıra sertifikat və yoxlamalara ehtiyac qalmayacaq. Böyük Britaniya hökumətinin hesablamalarına görə, belə bir razılaşma ölkə iqtisadiyyatına ildə 5,1 milyard funt-sterlinqədək əlavə gəlir gətirə bilər.

Tərəflərin digər razılaşması emissiya ticarəti sistemlərinin birləşdirilməsini nəzərdə tutur. Bu addım nəticəsində polad da daxil olmaqla, Britaniya və Avropa istehsalı olan malların qarşılıqlı ticarətində sərhəddə tətbiq edilən karbon rüsumlarından azad olunması mümkün olacaq.

Sammitin gündəliyində gənclər üçün mobillik proqramı da yer alır. Razılaşmaya əsasən, gənclərə üç il müddətində digər tərəfin ərazisində işləmək və ya təhsil almaq imkanı verilməsi planlaşdırılır. Böyük Britaniya əvvəlcə proqram iştirakçılarının sayını 50 min nəfərlə məhdudlaşdırmağı təklif etsə də, Avropa İttifaqı daha geniş kvotanın müəyyənləşdirilməsində israr edib. Aİ diplomatlarının bildirdiyinə görə, tərəflər 100 min nəfərlik limit üzərində razılığa gəliblər.

Bununla belə, tələbələrin təhsil haqları ilə bağlı fikir ayrılığı hələ də qalır. Aİ ölkələri öz vətəndaşlarının Britaniya universitetlərində yerli tələbələrlə eyni tariflərlə təhsil almasını istəyirlər. Hazırda xarici tələbələr üçün nəzərdə tutulan ödənişlər isə adətən daxili tariflərdən təxminən üç dəfə yüksəkdir.

London bu tələbi tam qəbul etmək əvəzinə, əhəmiyyətli dərəcədə güzəşt edilmiş təhsil haqları tətbiq etməyi təklif edir. Tərəflər mübahisəli məsələni növbəti altı ay ərzində həll etməyi planlaşdırırlar.

Böyük Britaniyanın digər əsas tələbi Aİ-nin «Avropada istehsal olunub» qaydaları çərçivəsində, xüsusilə avtomobil sənayesi üçün xüsusi status əldə etməkdir. Avropa İttifaqı belə bir güzəştə getməyə hazır olduğunu bildirsə də, bunun üçün Britaniyanın öz siyasətini Avropa İttifaqının yanaşmasına uyğunlaşdırmasını şərt kimi irəli sürür. Bu isə Londonun Çin istehsalı olan elektromobillərə rüsum tətbiq etməsi zərurətini yarada bilər.

Böyük Britaniyanın Baş naziri Endi Börnem bazar ertəsi verdiyi açıqlamada Brexit-in ölkəyə qazandırdıqlarından daha çox itkiyə səbəb olduğunu «aşkar həqiqət» kimi qiymətləndirib. O, Londonun Avropa İttifaqı ilə gələcək münasibətlərin müxtəlif variantlarını, o cümlədən bloka yenidən qoşulmaq imkanını nəzərdən keçirməli olduğunu bildirib.

MONETAR.AZ