Yaponiya Asiyada Beynəlxalq Enerji Agentliyinə bənzər qurum yaratmağı təklif edib

Yaponiya Asiyada Beynəlxalq Enerji Agentliyinə bənzər

Yaponiya Asiya ölkələrinin neft ehtiyatlarının idarə olunmasını əlaqələndirmək və fövqəladə hallarda neft tədarükünü təmin etmək məqsədilə yeni regional struktur yaratmağı təklif edib. Təşəbbüsün əsas məqsədi enerji böhranları zamanı ölkələr arasında əməkdaşlığı gücləndirmək və neft təchizatında yarana biləcək problemlərin təsirini azaltmaqdır.

Monetar.az xəbər verir ki, Yaponiyanın Baş naziri Sanae Takaiçi bu təklifi  Manilada keçirilən Sıfır Emissiyalı Asiya İcmasının (AZEC) sammitində irəli sürüb. "Asiya Neft Təhlükəsizliyi üzrə İşçi Qrupu" adlandırılan strukturun Beynəlxalq Enerji Agentliyinə (IEA) bənzər fəaliyyət göstərməsi nəzərdə tutulur.

Yaponiya yeni təşəbbüsün yaradılmasında aparıcı rol oynamaq və ASEAN ölkələri ilə əlaqələri gücləndirmək niyyətindədir. Təklifə əsasən, qurum region ölkələrinin neft ehtiyatlarının yaradılması, fövqəladə hallarda ehtiyatlardan istifadə qaydaları və təcili alışların əlaqələndirilməsi ilə məşğul olacaq.

Hazırda ASEAN ölkələri neftin böyük hissəsini Yaxın Şərqdən idxal edir. Lakin regionun bir sıra dövlətlərində Yaponiyadakı kimi geniş neft saxlama infrastrukturu mövcud deyil. Yeni mexanizm bu ölkələrin strateji ehtiyatlara çıxışını asanlaşdırmağı hədəfləyir.

Təklif çərçivəsində Yaponiya istifadəsiz neft anbarlarında xam neft saxlayaraq böhran zamanı ASEAN ölkələrinə həmin nefti almaqda üstünlük verməyi planlaşdırır. Yaponiya Sənaye Nazirliyinin məlumatına görə, tərəfdaş ölkələr bu imtiyaz müqabilində saxlama xərclərini ödəyəcəklər. Beləliklə, öz anbarları olmayan dövlətlər yeni infrastruktur qurmaq üçün əlavə vaxt və vəsait sərf etmədən neft ehtiyatına çıxış əldə edə bilərlər.

Təşəbbüs regionda yanacaq təchizatı ilə bağlı problemlərin artdığı bir dövrdə irəli sürülüb. Hörmüz boğazında yaranan böhran fonunda Filippin və Vyetnam kimi ölkələr neft tədarükü ilə bağlı çətinliklərlə üzləşib. Yaxın Şərqdən xam neft idxalının 90%-dən çoxunu təmin edən Filippin mart ayında enerji sahəsində fövqəladə vəziyyət elan edərək Yaponiya və digər ölkələrdən yardım istəyib. Vyetnam da Yaponiyadan neft alışında dəstək göstərilməsini xahiş edib.

Bununla belə, Yaponiya hökumətində təşəbbüsün həyata keçirilməsi ilə bağlı müəyyən narahatlıqlar var. Rəsmilər böhran zamanı ölkədə saxlanılan neftin digər Asiya dövlətlərinə verilməsinin daxili ictimai narazılığa səbəb ola biləcəyini bildirirlər. Enerji böhranı uzun müddət davam edərsə, Yaponiya əhalisi ehtiyatların ilk növbədə ölkənin daxili tələbatına yönəldilməsini tələb edə bilər.

Digər risk isə logistika ilə bağlıdır. Böhran şəraitində Yaponiyadan Cənub-Şərqi Asiyaya neft daşınan dəniz marşrutlarında fasilələr yarana bilər. Buna görə də Yaponiya hökumətində bəzi rəsmilər strateji neft ehtiyatlarının hər bir ölkənin öz ərazisində saxlanılmasının daha məqsədəuyğun olduğunu düşünürlər.