ABŞ-İran gərginliyi Avropada qazın qiymətini 2,6 faiz artırdı

ABŞ-İran gərginliyi Avropada qazın qiymətini

Avropanın topdansatış qaz bazarında qiymətlər kəskin yüksəlib. ABŞ-ın İrana qarşı yeni hərbi əməliyyat keçirmək ehtimalı ilə bağlı xəbərlər enerji bazarlarında geosiyasi riskləri artıraraq qaz və neft kotirovkalarına təsir göstərib.

Niderlandın “Title Transfer Facility” (TTF) ticarət platformasında ən yaxın fyuçers müqaviləsinin qiyməti 2,6% artaraq bir meqavat-saat üçün 82,93 avroya çatıb. Böyük Britaniyanın “National Balancing Point” (NBP) bazarında isə qazın qiyməti 2,5% bahalaşaraq bir term üçün 216,21 pens təşkil edib.

Enerji bazarındakı yüksəliş neft qiymətlərində də müşahidə olunub. Avropa ticarət sessiyasının əvvəlində “Brent” markalı neftin fyuçersləri 0,5% artaraq bir barel üçün 92,41 dollara, ABŞ-ın WTI markalı neftinin qiyməti isə 0,1% yüksələrək 83,36 dollara çatıb. Noyabrın əvvəlində iki aylıq minimuma enən kotirovkalar fonunda investorların ucuzlaşmış aktivlərə marağı da artıb.

“Reuters” deyil, “The New York Times” nəşrinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp İsrailin təzyiqləri fonunda İrana qarşı yeni və genişmiqyaslı hərbi zərbələr endirilməsi variantını nəzərdən keçirir. Hələlik bununla bağlı yekun qərar qəbul edilməyib.

Məlumatda bildirilir ki, Tramp İsrailin İranın pilotsuz uçuş aparatları və raket arsenalını bərpa etməsi, həmçinin kimyəvi və bioloji silah proqramlarını inkişaf etdirməsi ilə bağlı xəbərdarlıqlarını araşdırır. İsrailin Baş naziri Binyamin Netanyahunun isə Vaşinqtonun Tehrana qarşı dörd-yeddi gün davam edə biləcək hərbi kampaniyada iştirak etməsini istədiyi qeyd olunur.

ABŞ-ın İrana qarşı birbaşa hərbi müdaxiləsi ehtimalı enerji bazarlarında narahatlığı artıran əsas amillərdəndir. Tərəflər arasında strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında da gərginlik davam edir. Məlumata görə, Tehran ticarət tankerlərinə qarşı təqib və hücumlarını davam etdirir, ABŞ isə dəniz blokadasını saxlayır.

Avropalı enerji alıcılarını narahat edən əsas risklərdən biri İranın mümkün cavab addımlarının Yaxın Şərqdəki enerji infrastrukturuna zərər vurması və ya mühüm tədarük marşrutlarının fəaliyyətini pozmasıdır. Belə bir ssenari qlobal enerji təchizatında ciddi fasilələrə səbəb ola bilər.

İran daha əvvəl ABŞ hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin ərazisindəki obyektlərə zərbələr endirməyə hazır olduğunu nümayiş etdirib. Analitiklər hesab edirlər ki, Vaşinqtonla Tehran arasında birbaşa hərbi qarşıdurmanın genişlənməsi regionda hücumların intensivliyini artıra bilər.

Şimal yarımkürəsində istilik mövsümünün qızğın dövrünə təsadüf edən belə bir eskalasiya enerji bazarları üçün əlavə risk yaradır. Xüsusilə qaz tədarükünün məhdudlaşması Avropada qiymətlərin daha da yüksəlməsi ehtimalını gündəmə gətirir.

MONETAR.AZ