Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskinləşməsi Avropanın təbii qaz bazarında qiymətləri yenidən yüksəldib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada raket hücumları və Hörmüz boğazında tankerlərin dəniz minalarına düşməsi ilə bağlı xəbərlər enerji təchizatına dair riskləri artıraraq bazara geosiyasi risk mükafatının qayıtmasına səbəb olub.
Niderlandın TTF ticarət qovşağında gələn ay üçün qaz fyuçersləri bu gün Avropa sessiyasının əvvəlində 1,4% bahalaşaraq 1 meqavat-saat üçün 85,78 avroya yüksəlib. Böyük Britaniyanın NBP bazarında da oxşar dinamika qeydə alınıb: qazın qiyməti 1,4% artaraq bir term üçün 213,34 pens təşkil edib.
Gündəlik artıma baxmayaraq, Avropa qaz bazarında həftəlik tendensiya mənfi olaraq qalır. Qlobal enerji təchizatında yaxın dövrdə profisit yaranacağına dair gözləntilər qiymətlərə təzyiq göstərir. Nəticədə, TTF üzrə etalon müqavilə həftəni 6%-dən çox ucuzlaşma ilə başa vurmağa doğru irəliləyir.
Bu gün qaz və neft qiymətlərinin yüksəlməsinin əsas səbəbi Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artması olub. Baş verən hadisələr treyderləri enerji daşıyıcılarının daşınması və təchizat marşrutları ilə bağlı qısamüddətli riskləri yenidən qiymətləndirməyə vadar edib.
MONETAR.AZ