Hörmüz boğazından asılılığı azaltmaq üçün 240 milyard dollar tələb olunur

Hörmüz boğazından asılılığı azaltmaq üçün 240 milyard dollar

Qlobal neft daşımalarını Hörmüz boğazındakı vəziyyətdən asılı olmayacaq şəkildə yenidən təşkil etmək mümkündür, lakin bu, böyük maliyyə vəsaiti tələb edir. Beynəlxalq Enerji Agentliyinin (BEA) hesablamalarına istinadən «Financial Times» yazır ki, belə bir infrastrukturun yaradılmasına təxminən 240 milyard dollar investisiya qoyulmalıdır.

Bu məbləğin 40 milyard dollarının yeni neft kəmərlərinin tikintisinə, qalan hissəsinin isə geoloji kəşfiyyat işlərinə və yeni yataqların istismara verilməsinə sərf edilməsi nəzərdə tutulur.

BEA-nın ssenarisinə əsasən, zəruri infrastruktur qurularsa, 2035-ci ilədək Hörmüz boğazından keçən neft axınını on dəfə azaltmaq mümkündür. Beləliklə, gündəlik tranzit həcmi hazırkı səviyyələrlə müqayisədə 2 milyon barelə qədər enə bilər.

Agentlik hesab edir ki, 240 milyard dollarlıq investisiya ilk baxışdan böyük görünsə də, bu xərclər alternativ marşrutların təmin edəcəyi iqtisadi faydalarla müqayisədə o qədər də yüksək deyil. Buna nümunə kimi Səudiyyə Ərəbistanının «Şərq–Qərb» neft kəməri göstərilir. Məlumata görə, münaqişə başlayandan sonra həmin kəmər ölkəyə təxminən 60 milyard dollar həcmində potensial itkilərin qarşısını almağa imkan verib.

Bununla belə, BEA Fars körfəzi ölkələrinin mayeləşdirilmiş təbii qaz (LNG) ixracı üçün eyni modelin tətbiqinin mümkün olmadığını bildirir. Agentliyin qiymətləndirməsinə görə, Hörmüz boğazından LNG daşıyan tankerlərin təhlükəsiz hərəkətinə dair qeyri-müəyyənlik davam edərsə, Asiya və Avropa ölkələri bu enerji mənbəyindən asılılığı tədricən azaltmağa başlaya bilərlər.

Daha əvvəl Fars körfəzi ölkələrindən gündəlik neft tədarükünün fevral ayındakı, yəni İsrail və ABŞ-ın İrana qarşı əməliyyatından əvvəlki səviyyəyə qayıtdığı bildirilmişdi. Tədarükün bərpası fonunda dünya bazarında neft qiymətləri aşağı düşməyə başlayıb.

Eyni zamanda, Hindistan son səkkiz ayda ilk dəfə Rusiyadan daha çox Yaxın Şərq ölkələrindən neft almağa başlayıb. Bu dəyişiklik qlobal enerji ticarətində təchizat marşrutlarının və ticarət istiqamətlərinin yenidən formalaşdığını göstərir.

MONETAR.AZ