İtaliyanın “UniCredit” bankı ilə Almaniya hökuməti “Commerzbank”ın mümkün satın alınması ilə bağlı bir sıra əsas məsələlər üzrə ortaq mövqeyə gəlib. Bu razılaşma Almaniya bankına nəzarət uğrunda təxminən iki ildir davam edən mübarizədə mühüm mərhələ hesab olunur.
“Reuters” agentliyinin məlumatına görə, tərəflər arasında əldə olunan razılaşmanın detalları “UniCredit”in baş icraçı direktoru Andrea Orçelin Almaniyanın maliyyə naziri Lars Klinqbayla ünvanladığı məktubda və nazirin ayrıca bəyanatında əksini tapıb.
Orçelin noyabrın 18-də göndərdiyi məktubda bildirilir ki, bankların birləşəcəyi təqdirdə yeni strukturun Almaniyadakı baş qərargahı və listinq mərkəzi Frankfurt şəhərində qalacaq. Bu, Berlinin əsas tələblərindən birinin qəbul edilməsi deməkdir.
Öz növbəsində, Almaniya hökuməti “Commerzbank”ın müşahidə şurasına iki nümayəndə təyin edilməsi tələbindən geri çəkilib. Beləliklə, tərəflər qarşılıqlı güzəştlər əsasında razılığa gəlməyə nail olublar.
“UniCredit” rəhbəri bir sıra məcburi prinsiplər üzrə öhdəlik götürməyə hazır olduğunu bildirərək danışıqlarda əldə edilən irəliləyişə görə Klinqbayla təşəkkür edib. İtaliya bankı, həmçinin direktorlar şurasına Almaniya vətəndaşlarının daxil edilməsi öhdəliyini üzərinə götürüb.
Almaniyanın maliyyə naziri isə sürətli prosesin və nəzarətin nizamlı şəkildə ötürülməsinin dəstəkləndiyini vurğulayıb. Klinqbaylın sözlərinə görə, “UniCredit” Almaniyanın mühüm biznes mərkəzi kimi mövqeyinin qorunması, “Commerzbank” əməkdaşlarının hüquqlarına hörmət edilməsi və gələcək prosesdə işçi nümayəndələri ilə konstruktiv dialoqun davam etdirilməsi ilə bağlı aydın öhdəliklər verib.
İki bankın birləşməsi baş tutarsa, aktivlərinin ümumi həcmi 1,3 trilyon avronu ötən iri maliyyə qurumu yarana bilər. Bu, avrozonanın iki ən böyük iqtisadiyyatını əhatə edən və son illərdə Avropada həyata keçiriləcək ən böyük transsərhəd bank sövdələşmələrindən birinə çevrilə bilər.
Xatırladaq ki, Andrea Orçel 2024-cü ildə “Commerzbank”ın səhmlərini almağa başlayıb və qısa müddətdə bankda əhəmiyyətli pay toplayıb. Bu addım həm Almaniya hökuməti, həm də “Commerzbank” rəhbərliyi üçün gözlənilməz olub. İlkin mərhələdə Berlin və bank satınalmanın qarşısını almağa çalışsa da, “UniCredit”in payı 50%-ə yaxınlaşdıqdan sonra mövqelər yumşalıb.
Qeyd edək ki, qlobal maliyyə böhranı dövründə “Commerzbank”ın maliyyə sağlamlaşdırılmasından sonra Almaniya hökuməti bankın səhmlərinin 13,3%-nə sahib olub.
MONETAR.AZ