Aqrar Kredit və İnkişaf Agentliyi kənd təsərrüfatı istehsalçılarının maliyyə imkanlarının genişləndirilməsi, investisiya fəallığının artırılması və aqrar sahibkarlığın inkişafı üçün dövlət dəstəyi mexanizmlərini həyata keçirir. Agentliyin kredit, güzəştli kredit, mikrokredit, lizinq və müxtəlif təyinatlı subsidiya alətləri fermerlərin və aqrar sahədə fəaliyyət göstərən sahibkarların istehsal imkanlarının artırılmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bunu Agentliyin sədri Yalçın Camalov Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “İşəgötürənlərin gözləntiləri, dövlət dəstəyi və əməkdaşlıq imkanları” mövzusunda panel sessiyada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müasir texnologiyaların və innovasiyaların aqrar sahədə tətbiqi yeni təsərrüfatların yaradılmasına imkan verir. Bu prosesdə Aqrar Kredit və İnkişaf Agentliyi dövlətlə sahibkarlar arasında əlaqələndirici rol oynayır.
Yalçın Camalov subsidiyaların verilməsində üç əsas prinsipin rəhbər tutulduğunu qeyd edərək, gələcəkdə dəstək mexanizmlərində subsidiyalaşdırmadan investisiyayönümlü yanaşmaya tədricən keçidin hədəfləndiyini bildirib.
O vurğulayıb ki, bu yanaşma subsidiyalardan tam imtina demək deyil. Məqsəd cari istehsal xərclərinin kompensasiyası ilə uzunmüddətli inkişafı təmin edən investisiyalar arasında düzgün balans yaratmaqdır.
Agentlik sədrinin fikrincə, yeni təsərrüfatların qurulması və mövcud müəssisələrin genişləndirilməsi birbaşa və dolayı məşğulluğun artmasına şərait yaradır. Bununla yanaşı, əmək bazarının yeni texnologiyalara uyğunlaşdırılması və daha yüksək ixtisas tələb edən iş yerlərinin yaradılması vacibdir.
O bildirib ki, müasir suvarma sistemləri, intensiv istehsal üsulları və rəqəmsal həllərin aqrar sahədə tətbiqi yeni bacarıqlara tələbatı artırır.