Dünya üzrə su istifadəsinin 71,7 faizi kənd təsərrüfatının payına düşür

Dünya üzrə su istifadəsinin 71,7 faizi kənd təsərrüfatının

2023-cü ildə dünyada su ehtiyatlarından istifadənin 71,7 faizi kənd təsərrüfatının payına düşüb. Asiya ölkələrində bu sektorun su istehlakı xüsusilə yüksək olub və 2 141 milyard kubmetr təşkil edib.

Monetar.az xəbər verir ki, müxtəlif regionlarda su ehtiyatlarından istifadə və içməli suya çıxış imkanları ciddi şəkildə fərqlənir. Avropa kənd təsərrüfatının su istifadəsində üstünlük təşkil etmədiyi yeganə regiondur. Burada sənayenin ümumi su istifadəsində payı təxminən 43 faizdir.

İçməli suya çıxış baxımından da ciddi fərqlər mövcuddur. Təhlükəsiz idarə olunan içməli su xidmətləri ilə əhatə olunan əhalinin payı Şimali Amerika və Avropada 94,2 faiz olduğu halda, Saxaraaltı Afrikada cəmi 31,7 faizdir.

2024-cü ildə dünyada məişət çirkab sularının yalnız 55,8 faizi təhlükəsiz şəkildə təmizlənib. Saxaraaltı Afrika, eləcə də Mərkəzi və Cənubi Asiyada bu göstərici 30 faizdən aşağı olub.

Həmin il dünya əhalisinin 91 faizi əsas içməli su xidmətlərindən yararlana bilib. Lakin Okeaniyada bu göstərici 62,6 faiz, Saxaraaltı Afrikada isə 67,5 faiz təşkil edib.

Su ehtiyatlarının qeyri-bərabər bölüşdürülməsi də diqqətçəkən məqamlardandır. Adambaşına düşən bərpaolunan su ehtiyatlarının həcminə görə İslandiya 46 ölkə arasında İsraili 1 400 dəfədən çox qabaqlayır.