Azərbaycanda kənd təsərrüfatının inkişafı, xüsusilə taxılçılıq və pambıqçılıqda məhsuldarlığın yüksəldilməsi üçün müasir texnologiyaların tətbiqi və elmi biliklərin istehsalata inteqrasiyası istiqamətində tədbirlər davam etdirilir.
Bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavininin sözlərinə görə, müasir texnologiyaların kənd təsərrüfatına tətbiqi və qlobal iqlim dəyişikliklərinin yaratdığı çağırışlar fermerlərin fəaliyyətində yeni yanaşmaları zəruri edir. Elmi biliklərin və innovasiyaların istehsalata inteqrasiyası daha yüksək məhsuldarlığa nail olmaq üçün mühüm imkanlar yaradır.
Seymur Səfərli aqronomların bu prosesdə xüsusi rol oynadığını vurğulayıb. Onun fikrincə, aqronomlar elmi yeniliklər və praktiki təcrübə ilə fermerlər arasında əlaqələndirici rolunu oynayır. Buna görə də əsas məqsədlərdən biri yeni biliklərin və texnologiyaların aqronomlar vasitəsilə birbaşa təsərrüfatlara çatdırılmasıdır.
Nazir müavini qeyd edib ki, ölkədə xüsusilə taxılçılıq və pambıqçılıq sahələrində məhsuldarlığın artırılması əsas hədəflər sırasındadır. Bu istiqamətdə islahatlar davam etdirilir, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanmış və Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni subsidiya mexanizmlərinin də sahənin inkişafına töhfə verəcəyi gözlənilir.
Seymur Səfərlinin sözlərinə görə, fermerlərin mütəmadi məlumatlandırılması, müasir təcrübə və yeniliklərə çıxışının genişləndirilməsi onların daha çox məhsul əldə etməsinə və gəlirlərinin artmasına xidmət edəcək. Nazirlik bu istiqamətdə fəaliyyətini davam etdirəcək.