ABŞ-ın Çikaqo birjasında buğda fyuçersləri əvvəlki kəskin ucuzlaşmadan sonra cüzi bahalaşıb. Dekabr müqaviləsinin qiyməti 0,11% artaraq bir buşel üçün 571,90 sentə yüksəlib.
Bununla belə, həftəlik və aylıq göstəricilər bazarda enişin davam etdiyini göstərir. Belə ki, son bir həftədə buğda 2,28%, ay ərzində isə 11,25% ucuzlaşıb. İlin əvvəlindən bəri isə qiymət 12,60% artıb.
“EconoTimes” nəşrinin məlumatına görə, dünən Çikaqo birjasında buğdanın dekabr fyuçersləri xammal bazarlarında ümumi zəifləmə fonunda yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb. Buğda həmin gün ABŞ-da ticarət olunan əsas taxıl məhsulları arasında ən kəskin ucuzlaşmanı nümayiş etdirib.
Dekabr müqaviləsi bir gündə 25 sent dəyər itirərək bir buşel üçün 5,70 dollara enib. Eyni zamanda, dolların digər əsas valyutalara qarşı məzənnəsini ölçən DXY indeksi son 19 ayın maksimum səviyyəsinə yüksəlib.
Dolların möhkəmlənməsi və xammal bazarlarında satış təzyiqinin artması buğdanın qiymətinə mənfi təsir göstərən amillər sırasında olub.
MONETAR.AZ