Azərbaycanda lazer texnologiyası ilə hamarlanan torpaq sahələrində məhsuldarlığın 35-40% artırılması mümkündür. Bu texnologiyadan istifadə edən fermerlərə isə gələn ildən daha yüksək məbləğdə subsidiya ödəniləcək.
Monetar.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin Dövlət dəstəyi şöbəsinin müdiri Rəşad Fəttahov “Aqronomiya və bitki sağlamlığı: Elmdən təcrübəyə” konfransında bildirib.
Onun sözlərinə görə, lazer hamarlaması torpaq səthinin xüsusi texnologiya vasitəsilə hamarlanmasını nəzərdə tutur. Bu üsul suvarma zamanı su itkisinin qarşısını almağa, toxum və gübrələrin torpaq sahəsində bərabər paylanmasına imkan yaradır.
Bundan başqa, texnologiyanın tətbiqi aqrotexniki avadanlıqların aşınmasını azaldır, onların istismar müddətini uzadır və yanacaq xərclərinə qənaət etməyə şərait yaradır.
Rəşad Fəttahov qeyd edib ki, 2026–2027-ci əkin mövsümündən etibarən lazer hamarlama texnologiyasından istifadə olunması subsidiya məbləğlərinə təsir edəcək.
Belə ki, ixtisaslaşmış rayonlarda müasir suvarma sistemi tətbiq edilən, lazer hamarlaması aparılan və superelit toxumdan istifadə olunan torpaq sahələrində buğda əkini üçün hər hektara 1 120 manat subsidiya nəzərdə tutulub.
Lazer hamarlaması aparılmadıqda, lakin müasir suvarma sistemindən istifadə edildikdə subsidiya 870 manat olacaq. İdxal edilmiş superelit toxumdan istifadə zamanı isə hər hektara 950 manat dövlət dəstəyi nəzərdə tutulur.
Müasir suvarma sistemi tətbiq edilən, lakin digər toxumlardan istifadə olunan sahələrə 600 manat, müasir olmayan suvarma sistemi ilə təchiz edilmiş və lazer hamarlaması aparılmış torpaq sahələrinə isə 450 manat subsidiya ödəniləcək.
Agentlik rəsmisinin açıqlamasına görə, digər rayonlar üzrə də subsidiya məbləğləri 1 010, 840, 540 və 450 manat səviyyəsində müəyyənləşdirilib.
Qeyd edək ki, lazer hamarlaması əlavə ilkin investisiya tələb etsə də, uzunmüddətli perspektivdə suvarma xərclərinin azalması, torpaqda nəmin qorunması və məhsuldarlığın yüksəlməsi hesabına fermerlərin gəlirlərinə müsbət təsir göstərə bilər.
Bu texnologiyanın tətbiqi üçün əsas şərtlərdən biri torpaq sahəsinin minimum 5 hektar olmasıdır. Fermerlərin müraciətləri üzrə monitorinqlərin də aparılması nəzərdə tutulur.