Azərbaycanda məktəb və şagird sayında azalma qeydə alındı

Azərbaycanda məktəb və şagird sayında

Azərbaycanda ümumi təhsil müəssisələrinin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə 162 azalıb.

Monetar.az Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət – 2026” statistik məcmuəsinə istinadən xəbər verir ki, 2024-cü ildə ölkədə 4 357 ümumi təhsil müəssisəsi olduğu halda, 2025-ci ildə onların sayı 4 195-ə düşüb.

Azalma əsasən dövlət təhsil müəssisələrinin hesabına baş verib. Belə ki, dövlət ümumi təhsil müəssisələrinin sayı 4 324-dən 4 160-a enib. Qeyri-dövlət müəssisələrinin sayı isə 33-dən 35-ə yüksəlib.

Şagirdlərin sayında da azalma qeydə alınıb. 2024-cü ildə ümumi təhsil müəssisələrində 1 milyon 695 min 96 şagird təhsil aldığı halda, 2025-ci ildə bu rəqəm 1 milyon 674 min 636 nəfər təşkil edib.

Beləliklə, bir il ərzində şagirdlərin sayı 20 460 nəfər və ya təxminən 1,2% azalıb.

Bununla yanaşı, özəl məktəblərdə təhsil alanların sayı artıb. 2024-cü ildə qeyri-dövlət ümumi təhsil müəssisələrində 23 980 şagird olduğu halda, 2025-ci ildə onların sayı 25 875 nəfərə çatıb.