Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabr 2026-cı il tarixində Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Yazılı ünsiyyət və netiket qaydaları” mövzusunda təlim təşkil olunub.
Təlimdə DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov yazılı ünsiyyətin şifahi ünsiyyətdən əsas fərqləri, eləcə də effektiv mətn hazırlanmasının prinsipləri barədə iştirakçılara məlumat verib.
Görüş zamanı rəsmi yazışmaların düzgün strukturu, yazılı ünsiyyətdə yol verilən yayğın səhvlər və işgüzar elektron poçt etikası müzakirə olunub. E-poçtun mövzu sətrinin tərtibi, alıcıların düzgün müəyyənləşdirilməsi, ünsiyyət tonunun seçilməsi və məktub göndərilməzdən əvvəl yoxlanılması kimi məsələlərə diqqət yetirilib.
Təlimin praktiki hissəsində iştirakçılar real iş mühitindən götürülmüş situasiyaları təhlil ediblər. Onlar uğursuz tərtib olunmuş elektron məktublardakı nöqsanları müəyyənləşdirərək həmin mətnləri peşəkar üslubda yenidən hazırlayıblar. Nümunələr əsasında mesajın tonu və ünvanlanma formasının qarşı tərəfin reaksiyasına, eləcə də iş prosesinin nəticəsinə təsiri izah edilib.
Proqram çərçivəsində rəqəmsal mühitdə davranış normalarını əhatə edən netiket qaydalarına da toxunulub. İşçi qruplarında yazışma etikası, rəqəmsal izin əhəmiyyəti və dövlət qulluqçularının sosial şəbəkələrdə davranış prinsipləri müzakirə edilib.
Bununla yanaşı, emosional və münaqişəli yazışmalara peşəkar şəkildə cavab vermək, yazılı formada konstruktiv rəy bildirmək üsulları barədə iştirakçılara tövsiyələr verilib.