“Aqrarkredit” 21,3 milyon manatlıq əmlakını satışa çıxarır

“Aqrarkredit” 21,3 milyon manatlıq

 “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti balansında olan 23 lot üzrə daşınmaz əmlakı müsabiqə yolu ilə satışa çıxarır. Əmlakların ümumi satış qiyməti 21,3 milyon manatdan çoxdur. Siyahıya Bakıda yerləşən qeyri-yaşayış sahələri, fərdi yaşayış evi və müxtəlif rayonlardakı torpaq sahələri daxildir.

Monetar.az xəbər verir ki, satışa çıxarılan əmlakların ən yüksək qiymətlisi Bakının Nərimanov rayonunda, Məmməd Araz küçəsi 95 ünvanında yerləşən 1078,1 kvadratmetrlik qeyri-yaşayış binasıdır. Həmin əmlakın növbəti müsabiqədə qiyməti 4,06 milyon manat müəyyən edilib.

İkinci ən bahalı əmlak Şəki şəhərinin Salman Mümtaz küçəsində yerləşən 29,8 hektar torpaq sahəsidir. Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olan sahənin qiyməti 3,235 milyon manatdır.

Gəncə şəhərinin Heydər Əliyev prospektində yerləşən 2000 kvadratmetrlik qeyri-yaşayış sahəsi 2,04 milyon manata, Bakının Nəsimi rayonunda Bəşir Səfəroğlu küçəsindəki 493,9 kvadratmetrlik qeyri-yaşayış sahəsi isə 1,88 milyon manata satışa təqdim olunur.

Bundan başqa, Bakının Səbail rayonunda Zərifə Əliyeva küçəsində yerləşən 412,8 kvadratmetrlik qeyri-yaşayış sahəsinin qiyməti 1,69 milyon manat, Abşeron rayonunun Xırdalan şəhərindəki 1625,6 kvadratmetrlik obyektin qiyməti isə 1,53 milyon manatdır.

Satış siyahısında Şəki rayonunun Daşüz kəndində 500 hektar örüş sahəsi üzərində icarə hüququ, Şəki şəhərində 7,83 hektar torpaq sahəsi və Abşeron rayonunun Qobu qəsəbəsində 3,8666 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də var.

Əmlakların bir qismi Bakının Xətai və Nərimanov rayonlarında yerləşən qeyri-yaşayış sahələridir. Həmçinin Nərimanov rayonunun Sabit Rəhman küçəsində 176,1 kvadratmetrlik fərdi yaşayış evi də müsabiqəyə çıxarılıb.

Elana əsasən, satışa təqdim olunan əmlakların heç biri yüklü deyil. İştirak etmək istəyən şəxslər 19 noyabr 2026-cı il saat 10:00-dan 16 dekabr saat 17:00-dək müraciət edə bilərlər. Müsabiqənin qalibləri dekabrın 21-də saat 11:30-da Azərbaycan Respublikasının Maliyyə Nazirliyində müəyyən ediləcək.

Müsabiqədə iştirak üçün iddiaçılar əmlakın elan olunmuş ilkin satış qiymətinin 0,5 faizi həcmində beh ödəməlidirlər. Təkliflər rəqəmlə və Azərbaycan dilində sözlə göstərilməklə, imzalanmış qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim olunmalıdır. Qalib əmlakın dəyərini 30 bank günü ərzində tam ödəmək barədə yazılı zəmanət verməlidir.

Əmlaklara və müvafiq sənədlərə 19 noyabr - 16 dekabr tarixlərində həftənin üçüncü və beşinci günləri “Aqrarkredit” QSC-nin Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında yerləşən baş ofisində baxmaq mümkündür.