Nvidia-nın müvəqqəti rəhbəri Kolett Kress şirkətin müştərilərini qoruyub saxladığını və bazarda tələbatın artmaqda davam etdiyini açıqlayıb. Şirkətin üçüncü rüb üzrə maliyyə nəticələri analitiklərin gözləntilərini üstələyib. Hesabatın açıqlanmasından sonra Nvidia səhmləri birjadan sonrakı ticarətdə təxminən 1,5% bahalaşıb.
“Gördüyümüz ən vacib məqam bazarda tələbin artmasıdır”, – deyə Kress CNBC-yə müsahibəsində bildirib.
Bu, şirkətin təsisçisi Censen Huanqın ötən həftə gözlənilmədən vəzifəsindən ayrılmasından sonra açıqlanan ilk maliyyə hesabatıdır. Nvidia-da 13 il maliyyə direktoru vəzifəsində çalışmış Kress daimi baş direktor təyin edilənədək şirkətin idarəçiliyini həyata keçirir.
Nvidia-nın üçüncü rübdə səhm başına düzəliş edilmiş mənfəəti 2,68 dollar olub. Bu, analitiklərin 2,48 dollarlıq proqnozundan yüksəkdir. Şirkətin gəliri isə gözlənilən 109,10 milyard dollar əvəzinə 115,84 milyard dollara çatıb.
Ötən ilin eyni dövründə 57 milyard dollar təşkil edən gəlirin 103% artması, xüsusilə məlumat mərkəzləri istiqamətində biznesin güclü mövqeyini qoruduğunu göstərir.
Şirkət cari rübdə təxminən 130 milyard dollar gəlir əldə etməyi proqnozlaşdırır. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən 90% artım deməkdir. Gözlənilən nəticə analitiklərin 125,1 milyard dollarlıq orta proqnozunu da üstələyir.
Bundan başqa, Nvidia 2028-ci ilin yanvarında başa çatacaq maliyyə ili üzrə artım gözləntisini 70%-dən 75%-ə yüksəldib.
“Nvidia-da hər şey adi qaydada davam edir”, – deyə Kress investorlarla telefon konfransında vurğulayıb.
Şirkət Çinə satışlardan əldə ediləcək məlumat mərkəzləri gəlirlərini hələ də maliyyə proqnozlarına daxil etmir. Kress bildirib ki, H200 çiplərinin Çinə tədarükü dayandırılıb və ixrac yalnız icazə verilən istiqamətlər üzrə həyata keçirilir.
ABŞ Ticarət Nazirliyi də bazar ertəsi Nvidia çiplərinin Çin şirkətlərinə icarəyə verilməsini tamamilə qadağan etməyə yönəlmiş dəyişikliklər elan edib. Bu addım şirkətin Çin bazarındakı fəaliyyətinə dair qeyri-müəyyənliyi artırır.
Rəhbərlik məsələsinə gəlincə, direktorlar şurasının sədri Harvi Cons Censen Huanqın baş direktor vəzifəsinə qaytarılmasının nəzərdə tutulmadığını bildirib. Daimi rəhbərin axtarışı Heidrick & Struggles şirkətinə həvalə olunacaq.
Huanq isə açıqlamasında yenidən vəzifəyə qayıtmağa hazır olduğunu deyib. Onun geri dönməsini tələb edən petisiya təxminən 200 min imza toplayıb.
Çərşənbə axşamı ticarət sessiyasının sonunda Nvidia səhmləri 0,44% ucuzlaşaraq 155,46 dollar olub. Ayın əvvəlindən etibarən şirkətin qiymətli kağızları 24% dəyər itirib. Cümə günü səhmlər ardıcıl altıncı həftəni də enişlə başa vuraraq 2012-ci ildən bəri ən uzunmüddətli həftəlik azalma seriyasını qeydə alıb. Qiymətli kağızlar 2025-ci ilin iyulundan bəri ən aşağı səviyyəyə enib. Lakin maliyyə hesabatından sonra birjadan sonrakı ticarətdə təxminən 1,5% bahalaşıb.
Müsbət reaksiya digər çip istehsalçılarının və texnologiya şirkətlərinin səhmlərində də müşahidə olunub. AMD və Broadcom-un qiymətli kağızları 1%-dən çox yüksəlib. Əsas sessiyada 3,68% ucuzlaşan Taiwan Semiconductor Manufacturing səhmləri sonrakı ticarətdə 3,20%, 0,92% geriləyən Micron-un səhmləri isə 2,40% artıb.
CoreWeave səhmləri bir ara 8% bahalaşdıqdan sonra artımını 5%-dən bir qədər yuxarı səviyyədə davam etdirib. Əsas sessiyanı 1% itki ilə başa vuran Nebius-un qiymətli kağızları isə təxminən 7% yüksəlib.
Asiya bazarlarında da müsbət dinamika qeydə alınıb. Cənubi Koreyanın SK Hynix şirkətinin səhmləri təxminən 3,5% bahalaşıb, Kospi indeksi isə 1,5% artıb.
Deepwater Asset Management şirkətinin idarəedici tərəfdaşı Cin Münster Nvidia-nın açıqladığı proqnozları güclü müsbət siqnal kimi qiymətləndirib. Onun sözlərinə görə, şirkətin bu cür gözləntilər təqdim etməsi səhmlərin gələcək bahalaşması üçün əsas yaradır.
MONETAR.AZ