Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Biznes Sammitinin iştirakçıları regionda azad ticarət zonasının yaradılması təşəbbüsünü dəstəkləyiblər. Təşəbbüsün əsas məqsədi regional ticarət qaydalarını uyğunlaşdırmaq, iqtisadi əlaqələri genişləndirmək və ölkələr arasında ticarət maneələrini azaltmaqdır.
Monetar.az xəbər verir ki, bu barədə sammitin yekununda qəbul edilən Şençjen təşəbbüsündə qeyd olunub. Sənədin tam mətnini Çinin Xinhua agentliyi yayıb.
Sənəddə APEC liderlərinə Asiya-Sakit okean Azad Ticarət Zonasının yaradılmasına dəstək vermək, regional və ikitərəfli azad ticarət sazişləri üzrə təcrübə mübadiləsini genişləndirmək və ticarət qaydalarının uyğunlaşdırılmasını sürətləndirmək çağırışı edilib.
İştirakçılar həmçinin gələcək azad ticarət zonasının hüquqi və normativ bazasının müasir biznes modellərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıblar.
Qeyd edək ki, APEC Biznes Sammiti noyabrın 17-18-də Çinin Şençjen şəhərində keçirilib. Tədbirdə region ölkələrinin dövlət və biznes nümayəndələri beynəlxalq ticarət, investisiyalar, rəqəmsal iqtisadiyyat, süni intellekt və dayanıqlı inkişaf məsələlərini müzakirə ediblər.