Rusiya 2026-cı ildə Avropanın əsas şərab istehsalçıları sırasında altıncı yeri tutacaq. Bu barədə Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) məlumatlarına istinadən “RİA Novosti” xəbər yayıb.
Proqnoza əsasən, Rusiyada il ərzində 6,4 milyon hektolitr şərab istehsal olunacaq. Avropa ölkələri arasında ilk sırada 41 milyon hektolitr göstərici ilə İtaliya qərarlaşıb. Fransa 36,5 milyon hektolitr (2% artım) istehsalla ikinci, İspaniya isə 32,6 milyon hektolitr (13% artım) istehsalla üçüncü yerdə olacaq.
İlk beşliyə Almaniya və Portuqaliya da daxildir. Almaniyada şərab istehsalının 6% artaraq 8 milyon hektolitrə, Portuqaliyada isə 12% yüksələrək 6,7 milyon hektolitrə çatacağı gözlənilir.
İlk onluqda Rumıniya 4,6 milyon hektolitr, Moldova 1,9 milyon hektolitr, Avstriya və Macarıstan hər biri 1,8 milyon hektolitr, Yunanıstan isə 1,7 milyon hektolitr istehsal göstəricisi ilə yer alıb.
Bununla yanaşı, Rusiyada şərab satışlarında azalma müşahidə olunur. 2026-cı ilin ilk 10 ayında ölkədə yerli istehsal olan 28,94 milyon dekalitr qazsız şərab satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% azdır.
Ümumilikdə, qeyd olunan müddətdə Rusiyada qazsız şərab satışının həcmi 48,47 milyon dekalitr təşkil edib. İllik müqayisədə satışlar 4,2% geriləyib.
MONETAR.AZ