ING bankının yeni qlobal proqnozuna əsasən, 2027-ci ildə dünya iqtisadiyyatının istiqamətini müəyyənləşdirəcək əsas amillər ABŞ və Avropadakı siyasi dəyişikliklər, süni intellekt sahəsində rəqabət və enerji resurslarına nəzarət uğrunda mübarizə olacaq.
ING-nin qlobal makroiqtisadi bölməsinin rəhbəri Karsten Bjeski siyasət, texnologiya və energetika sahələrində güc balansının dəyişməsini qarşıdakı ilin əsas mövzuları kimi qiymətləndirib.
Bankın “Güc oyunları ili” (“A year of power plays”) adlı hesabatında ABŞ-da aralıq seçkilərdən sonra formalaşacaq siyasi vəziyyətə xüsusi diqqət ayrılıb. ING investorlarına Vaşinqtonda siyasi qüvvələr arasındakı balansı yaxından izləməyi tövsiyə edir. Çünki siyasi mühitdəki dəyişikliklər ölkənin iqtisadi prioritetlərinə və qəbul edilən qərarlara təsir göstərə bilər.
Avropada da qarşıdakı mühüm seçkilər fonunda siyasi qeyri-müəyyənliyin artacağı gözlənilir. Regionda siyasi təsir dairələrinin yenidən bölüşdürülməsi iqtisadi siyasətin gələcək istiqamətinə təsir edə bilər.
Proqnozda diqqət çəkilən digər mühüm istiqamət süni intellekt sahəsində liderlik uğrunda mübarizədir. Bu sahədə hansı ölkələrin və şirkətlərin üstünlük qazanacağı təkcə texnoloji inkişaf baxımından deyil, həm də qlobal iqtisadi və siyasi təsir baxımından əhəmiyyət daşıyacaq.
Enerji resurslarına nəzarət də 2027-ci ilin əsas rəqabət istiqamətlərindən biri kimi göstərilir. ING-nin qiymətləndirməsinə görə, əsas enerji mənbələrinə çıxış iqtisadi təsir imkanlarının formalaşmasında mühüm rol oynayacaq.
Bank hesab edir ki, siyasi qərarlar, texnoloji üstünlük uğrunda rəqabət və enerji resurslarına nəzarət bir-biri ilə sıx əlaqəli şəkildə həm dünya iqtisadiyyatına, həm də maliyyə bazarlarına təsir göstərəcək.
ING 2027-ci ilin iqtisadi mənzərəsini yalnız ənənəvi artım və inflyasiya göstəriciləri ilə deyil, qlobal güc mərkəzləri arasındakı rəqabət prizmasından qiymətləndirir. Hesabatda bu proseslərin iqtisadi artıma, inflyasiyaya və maliyyə aktivlərinin qiymətlərinə mümkün təsiri üzrə konkret kəmiyyət proqnozları isə təqdim olunmayıb.
MONETAR.AZ