“Sumqayıt kağız emalı zavodu” MMC-yə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindədir.
Agentlikdən bildirilib ki, 60 milyon manatdan çox investisiya tələb edən layihə çərçivəsində karton və kağız tullantılarının təkrar emalı müəssisəsi yaradılacaq. Zavodun illik istehsal gücü 90 min ton olacaq.
Layihənin həyata keçirilməsi tullantıların təkrar emalı və sənaye istehsalının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Qeyd edək ki, Cənubi Qafqazın ən böyük sənaye parkı hesab olunan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdan keçib. İndiyədək rezidentlər tərəfindən parka 5,6 milyard manatdan artıq investisiya yatırılıb və 6 400-dən çox iş yeri yaradılıb.