Microsoft Windows 11-də hansı tətbiqləri bağlayır?

Microsoft Windows 11-də hansı tətbiqləri

“Microsoft” şirkəti Windows 11 əməliyyat sistemində çalışan kompüterlər üçün nəzərdə tutulmuş 3 köməkçi tətbiqin fəaliyyətini dayandırmağa hazırlaşır. Söhbət Microsoft 365 paketinə daxil olan “Calendar”, “People” və “Files” alətlərindən gedir. Bu barədə “Engadget” nəşri məlumat yayıb.

Nəşrin jurnalisti Keyt İrvinin məlumatına görə, sözügedən tətbiqlər istifadəçilərə gündəlik iş proseslərini asanlaşdırmaq üçün təqdim edilmişdi. “Calendar” görüş və tədbirlərə sürətli baxış imkanı yaradır, “People” həmkarları tapmaq və onlarla əlaqə saxlamaq üçün istifadə olunur, “Files” isə iş sənədlərinin axtarışını təmin edirdi. Hər üç tətbiqi Windows-un tapşırıqlar panelindən açmaq mümkün idi.

Bu alətlər əsasən Microsoft 365 və ya Office 365 lisenziyası olan iş kompüterləri üçün nəzərdə tutulmuşdu. Windows 11 əməliyyat sistemli fərdi kompüterlərin əksəriyyətində isə əvvəlcədən quraşdırılmamışdı. Şirkət tətbiqləri təxminən 14 ay əvvəl istifadəyə versə də, indi onların fəaliyyətinə son qoymaq qərarına gəlib.

Microsoft-un rəsmi sənədlərinə əsasən, tətbiqlər 16 dekabr 2026-cı il tarixinədək tamamilə dayandırılacaq. Bəzi təşkilatlarda isə onların silinməsi daha erkən həyata keçirilə bilər. Şirkət bu qərarın səbəblərini açıqlamayıb.

İstifadəçilər üçün əsas məqam ondan ibarətdir ki, tətbiqlərin bağlanması məlumatların itirilməsi ilə nəticələnməyəcək. Kontaktlar, təqvim qeydləri və sənədlər Microsoft 365 xidmətlərində saxlanılmağa davam edəcək.

“Microsoft” bağlanan tətbiqlərin əvəzinə “Outlook” və “Teams” proqramlarından istifadə etməyi tövsiyə edir. Faylların axtarışı üçün isə “File Explorer”, “OneDrive” və Windows-un daxili axtarış funksiyası alternativ kimi göstərilir. İdarə olunan iş kompüterlərində tətbiqlərin sistemdən silinməsi prosesini, bir qayda olaraq, İT administratorları həyata keçirəcəklər.

MONETAR.AZ