Azərbaycanda yerli kənd təsərrüfatı məhsullarının satışı, buğdanın idxalı və çörəyin istehsalı ilə satışına tətbiq olunan ƏDV güzəştlərinin müddətinin daha 3 il uzadılması təklif edilir.
Monetar.az xəbər verir ki, güzəştlərin 2029-cu ilin sonunadək qüvvədə qalması nəzərdə tutulur.
Bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketində əksini tapıb. Sənəd 2027-ci ilin dövlət büdcəsi zərfinə daxildir.
Dəyişikliyə əsasən, Azərbaycanda istehsal olunan, o cümlədən sənaye üsulu ilə istehsal edilən kənd təsərrüfatı məhsullarının satış dövriyyəsi daha 3 il müddətinə ƏDV-dən azad ediləcək.
Bundan başqa, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı, eləcə də satışı üzrə ƏDV güzəştlərinin də müddəti 2029-cu ilin sonunadək uzadılacaq.
Qeyd edək ki, təklif olunan dəyişikliklər yerli kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə yanaşı, un və çörək istehsalı sahələrini də əhatə edir.
Qanun layihəsi Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.