Azərbaycanda noyabrın 18-də 11 rayonda torpaq müsabiqə və hərracları keçiriləcək. Hərraca çıxarılan torpaqların bir hissəsi kənd təsərrüfatı fəaliyyəti üçün 15 illik icarəyə veriləcək, bəzi sahələr isə satışa çıxarılacaq.
Monetar.az xəbər verir ki, torpaq müsabiqə və hərracları saat 15:00-da başlayacaq. Hərraclarda Yevlax, Lənkəran, Kürdəmir, Zərdab və Ağsu rayonlarında yerləşən torpaq sahələri təklif olunur.
Ən böyük torpaq sahələrindən biri Yevlax rayonunun Ağqıraq kəndində yerləşir. Burada 10,14 hektar ərazi 15 illik icarəyə verilir. Sahənin bir illik icarə haqqı 1 784,64 manat, hərrac addımı isə 179 manat müəyyən edilib.
Yevlax rayonunda əlavə olaraq 1,52 və 6,7 hektar torpaq sahələri də kənd təsərrüfatı məhsullarının istehsalı üçün icarəyə çıxarılıb. Onların illik icarə haqları müvafiq olaraq 267,52 və 1 179,20 manatdır.
Lənkəran rayonunun Aşağı Nüvədi kəndində 1 500 kvadratmetr torpaq sahəsi 15 illik icarəyə təklif olunur. Sahənin illik icarə haqqı 60 manatdır.
Kürdəmir rayonunun Şilyan kəndində 500 kvadratmetr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün satışa çıxarılıb. Sahənin ilkin qiyməti 6 500 manat, hərrac addımı isə 325 manatdır. Həmin rayonun Qarabucaq qəsəbəsində isə 3 və 6 hektar torpaq sahələri 15 illik icarəyə verilir.
Bundan başqa, Zərdab rayonunun Ağabağı kəndində 1 hektar, Ağsu rayonunun Ərəbsarvan, Hacıqədirli və Rəhimağalı kəndlərində isə ümumilikdə 12,03 hektar torpaq sahəsi icarəyə təklif olunur.