Qəbələ və Salyanda torpaqların konsolidasiyası layihəsi həyata keçiriləcək

Qəbələ və Salyanda torpaqların konsolidasiyası layihəsi

Dünya Bankının maliyyə dəstəyi ilə Azərbaycanın Qəbələ və Salyan rayonlarının kəndlərində torpaqların konsolidasiyası layihəsinin icrasına başlanılması planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov ABŞ-yə səfəri çərçivəsində Dünya Bankının nümayəndələri ilə keçirdiyi görüşün nəticələrini şərh edərkən bildirib.

Nazirin sözlərinə görə, hazırda Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankı arasında dayanıqlı və rəqabətqabiliyyətli kənd təsərrüfatının inkişafı, həmçinin suvarma sistemlərinin təkmilləşdirilməsini nəzərdə tutan layihə müzakirə olunur. Gözlənilir ki, maliyyələşmə məsələləri 2027-ci ilin ikinci yarısında həllini tapacaq və bundan sonra iki rayonda torpaqların konsolidasiyasına başlanılacaq.

Məcnun Məmmədov qeyd edib ki, layihə Prezident İlham Əliyevin 2026-cı il mayın 25-də təsdiqlədiyi kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin 2026–2030-cu illərdə inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək.

Vaşinqtonda keçirilən görüşdə layihənin maliyyələşdirilməsi və icra perspektivləri ilə yanaşı, kənd təsərrüfatının digər istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub.

Nazir Dünya Bankı ilə tərəfdaşlığın kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və fermer təsərrüfatlarının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.