Kirayə ev verənlər üçün vergi qaydaları dəyişir – xərclər gəlirdən çıxılacaq

  Kirayə ev verənlər üçün vergi qaydaları dəyişir –

Gələn ildən Azərbaycanda evini kirayəyə verən fiziki şəxslər üçün vergi hesablanmasında yeni imkan yaradılması təklif olunur. Monetar.az xəbər verir ki, yeni qaydaya əsasən, fiziki şəxslər kirayə fəaliyyəti ilə bağlı çəkdikləri xərcləri əldə etdikləri gəlirdən çıxaraq vergi ödəyə biləcəklər.

Bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər paketində əksini tapıb. Layihə Milli Məclisin iclasında müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.

Dəyişikliyə əsasən, yaşayış və ya digər əmlakını kirayəyə verən fiziki şəxs vergi uçotuna alınaraq bəyannamə təqdim etməlidir. Bu halda o, kirayə gəlirindən həmin fəaliyyətlə bağlı çəkdiyi xərcləri çıxmaq və qalan məbləğ üzrə gəlir vergisi ödəmək hüququ əldə edəcək.

Belə xərclərə mənzilin təmiri, boya və santexnika işləri, elektrik avadanlıqlarının yenilənməsi, ev sahibinin ödədiyi kommunal xidmətlər, təmizlik, sığorta, əmlakın idarə olunması və kirayə üçün alınan mebel və məişət texnikası ilə bağlı məsrəflər aid ola bilər. Lakin bu xərclərin gəlirdən çıxılması üçün onların qanunvericiliyin tələblərinə uyğun olması və müvafiq sənədlərlə təsdiqlənməsi tələb ediləcək.

Məsələn, ev sahibi mənzilini ayda 1 000 manata kirayəyə verirsə və bu fəaliyyətlə bağlı 200 manat sənədləşdirilmiş xərc çəkirsə, vergitutma bazası 800 manat təşkil edə bilər. 10 % vergi dərəcəsi tətbiq olunduğu halda, aylıq vergi 80 manat olacaq. Bu, yeni mexanizmin iş prinsipini göstərən şərti nümunədir.

Yeni mexanizmdən yararlanmaq istəyən şəxs vergi orqanına və icarəçiyə müvafiq məlumat təqdim etməlidir. Məlumatın vergi orqanına təqdim edildiyi aydan sonrakı aydan etibarən kirayə gəlirindən ödəmə mənbəyində vergi tutulması dayandırılacaq.

Vergi ilinin sonunda şəxsin əldə etdiyi ümumi gəlirlər və çəkdiyi xərclər əsasında gəlir vergisi hesablanacaq. İl ərzində əvvəlcədən tutulmuş vergilər hesablanmış məbləğdən çıxılacaq. Artıq ödənilmiş və cari ildə tam nəzərə alınmamış vergi məbləği isə növbəti illərin vergi öhdəliklərinin azaldılmasına yönəldiləcək.

Qeyd edək ki, Azərbaycanda bu ildən yaşayış sahələrinin kirayəyə verilməsindən əldə olunan gəlirlər üzrə vergi dərəcəsi 14 %-dən 10 %-ə endirilib. Mehmanxana və mehmanxana tipli obyektlərdə yerləşmə xidmətləri bu güzəştə daxil deyil.

Yeni dəyişikliklər 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilib. Təklif olunan layihə Milli Məclisdə birinci oxunuşda qəbul olunub.