Minneapolis Federal Ehtiyat Bankının prezidenti Nil Kaşkari hesab edir ki, faiz dərəcələri süni intellekt sektoruna, o cümlədən data-mərkəzlərin tikintisinə yönəldilən investisiyaların həcminə təsir etmək gücünü qoruyur.
O, dünən Vaşinqtonda keçirilən 2026-cı il FinRegLab Süni İntellekt Simpoziumunda çıxışı zamanı bildirib ki, texnologiya sahəsinə böyük həcmdə kapital yatırılmasına baxmayaraq, pul-kredit siyasətinin təsir mexanizmi əvvəlki kimi işləyir.
Kaşkarinin sözlərinə görə, faiz dərəcələri hazırkı səviyyədən xeyli aşağı olsaydı, süni intellekt infrastrukturu və data-mərkəzlərə daha çox investisiya yönəldilərdi. Bu isə texnologiya sektorunda kapital qoyuluşlarının miqyasına birbaşa təsir imkanlarının hələ də mövcud olduğunu göstərir.
FED rəsmisi çıxışında ABŞ iqtisadiyyatının üzləşdiyi digər çətinliklərə, xüsusilə inflyasiya təzyiqlərinə də toxunub. O bildirib ki, yüksək inflyasiya bir sıra təklif şoklarının nəticəsidir. Bu şəraitdə mərkəzi bank üçün inflyasiya gözləntilərini sabit saxlamaq xüsusi əhəmiyyət daşıyır.
Kaşkari yüksək tələbatın müəyyən mənada gözlənilməz olduğunu, əmək bazarının isə dayanıqlılığını qoruduğunu qeyd edib. Onun sözlərinə görə, bazar iştirakçıları FED-in faiz dərəcələrini tənzimləyicinin öz nümayəndələrinin proqnozlaşdırdığından daha çox artırmalı olacağını ehtimal edirlər.
Minneapolis Federal Ehtiyat Bankının rəhbəri süni intellekti ABŞ iqtisadiyyatının əsas artım mühərriklərindən biri kimi qiymətləndirib. Bununla yanaşı, o, inflyasiya göstəricisi baxımından FED-in qarşıya qoyulmuş mandatı tam yerinə yetirə bilmədiyini də etiraf edib.
MONETAR.AZ