Elm və biznes arasında uçurum: Biznesin payı cəmi 2,2 faizdir

Elm və biznes arasında uçurum:

Azərbaycanda elmi-tədqiqat və işləmələr həyata keçirən təşkilatların böyük hissəsi dövlət və ali təhsil sektorunda cəmləşib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin sonuna elmi-tədqiqat təşkilatlarının sektorlar üzrə bölgüsündə dövlət sektorunun payı 65,7%, ali təhsil sektorunun payı 32,1%, sahibkarlıq sektorunun payı isə cəmi 2,2% təşkil edib.

Beləliklə, elmi-tədqiqat təşkilatlarının strukturunda biznes sektorunun çəkisi olduqca aşağıdır.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə elmi-tədqiqat və işləmələrə çəkilən ümumi xərclər 301,4 milyon manat təşkil edib. 2024-cü ildə bu göstərici 264,2 milyon manat olub.

Bir il ərzində elmi-tədqiqat xərcləri 37,2 milyon manat və ya 14,1% artıb.

Bununla belə, tədqiqat təşkilatlarının strukturunda sahibkarlıq sektorunun payının aşağı olması elmi nəticələrin biznesə və istehsalata tətbiqi məsələsini aktuallaşdırır.

Özəl şirkətlərin elmi-tədqiqat layihələrinə investisiyalarının artırılması, universitetlərlə biznes arasında əməkdaşlığın genişləndirilməsi və innovativ məhsulların kommersiyalaşdırılması iqtisadiyyatın rəqabət qabiliyyəti baxımından mühüm əhəmiyyət daşıyır.