Avropanın iri bankları Afrika bazarına qayıtmağı nəzərdən keçirir

Avropanın iri bankları Afrika bazarına qayıtmağı

Avropanın aparıcı bankları son onillikdə fəaliyyətlərini məhdudlaşdırdıqları Afrika bazarlarına yenidən maraq göstərməyə başlayıblar. Qitənin iqtisadi potensialının artması fonunda Avropa maliyyə qurumları ABŞ rəqiblərinin təcrübəsindən yararlanaraq bölgədə mövqelərini gücləndirməyin yollarını araşdırırlar.

Bu barədə «Bloomberg» agentliyinə müsahibəsində «Investec South Africa»nın baş direktoru Kumeş Mudliar bildirib. Onun sözlərinə görə, amerikalı bankların Afrika qitəsində fəaliyyətlərini genişləndirməsi avropalı maliyyə qurumlarının da diqqətini bu bazara yönəldib.

Mudliar Banqkokda Beynəlxalq Valyuta Fondunun (BVF) toplantıları çərçivəsində bir sıra Almaniya banklarının nümayəndələri ilə görüşdüyünü və onların Afrika bazarına marağının artdığını müşahidə etdiyini deyib. Aktivlərinin həcminə görə CAR-ın beşinci ən böyük bank qrupu olan «Investec»in rəhbəri hesab edir ki, beynəlxalq banklarla yerli maliyyə qurumları arasında əməkdaşlıq üçün yeni imkanlar yaranır.

«Bloomberg» yazır ki, bu tendensiya «Standard Chartered», «Barclays», «Societe Generale», «BNP Paribas» və «HSBC» kimi iri bankların son on ildə Afrikadakı fəaliyyətlərini azaltmasından və ya bəzi bazarlardan çıxmasından sonra meydana çıxıb.

Belə ki, 2022-ci ildə «Credit Suisse» Afrikanın doqquz ölkəsində varlı fərdi müştərilərə xidmət göstərən bölməsinin müştərilərini «Barclays»a təhvil vermək barədə razılığa gəlib. Bu ilin fevralında isə «HSBC» CAR-da 30 ildən artıq davam edən fəaliyyətini başa çatdıraraq ölkədəki biznesini «FirstRand»a təhvil verib.

Avropa banklarının Afrika bazarından geri çəkilməsinin arxasında bir neçə iqtisadi amil dayanırdı. 2008-ci il qlobal maliyyə böhranından sonra Avropada bank sektoruna nəzarət və tənzimləmə tələbləri sərtləşdirilmişdi. Afrikada isə milli valyutaların dəyər itirməsi, yüksək inflyasiya, dövlət borcuna xidmət xərcləri və problemli kreditlərin çoxluğu bankların gəlirliliyinə mənfi təsir göstərirdi.

Bundan əlavə, yerli valyutada əldə edilən gəlirlərin avro və ya funt sterlinqə çevrilməsi zamanı məbləğin azalması beynəlxalq bankların maliyyə nəticələrini zəiflədirdi. Avropa bankları eyni zamanda yerli maliyyə qurumları, mobil pul köçürmə operatorları və CAR, Nigeriya, Mərakeş mənşəli panafrika bank qrupları ilə rəqabət aparmalı olurdular.

Qitənin maliyyə bazarlarının məhdud inkişafı da xarici bankların imkanlarını daraldırdı. Dövlət qiymətli kağızları və iri korporativ kreditlərin üstünlük təşkil etdiyi bazarlarda kapitalın idarə edilməsi, sığorta və investisiya məhsullarının satışı vasitəsilə əlavə gəlir əldə etmək imkanları məhdud idi.

Bununla belə, hazırda Afrika bazarının potensialı beynəlxalq bankların diqqətini yenidən cəlb edir. Mudliarın sözlərinə görə, əvvəllər xarici banklar qitədəki fəaliyyətlərini əsasən öz filialları üzərində qururdular. İndi isə CAR və digər Afrika ölkələrinin bankları ilə tərəfdaşlıq əsasında işləmək üçün daha geniş imkanlar mövcuddur.

«Bloomberg» bu baxımdan CAR-ın maliyyə sektorunu perspektivli istiqamətlərdən biri kimi qiymətləndirir. Ölkədə Avropa standartlarına yaxın bank tənzimlənməsi və nisbətən inkişaf etmiş kapital bazarları fəaliyyət göstərir.

«Fitch Ratings» agentliyinin gözləntilərinə görə, Avropa bankları Afrika bazarına əsasən ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlıqlar və risklərin bölüşdürülməsi sazişləri vasitəsilə qayıda bilərlər. Bu model beynəlxalq maliyyə qurumlarına kapital yükünü və tənzimləyici tələblərə əməl olunması ilə bağlı xərcləri azaltmaq imkanı verə bilər.

MONETAR.AZ