Böyük Britaniyada illik istehlak qiymətləri inflyasiyası oktyabr ayında 3,6%-ə yüksəlib. Sentyabrda 3,5% təşkil edən göstəricinin artımı əsasən avtomobil yanacağının bahalaşması ilə əlaqələndirilir. Rəsmi statistikaya görə, dizel yanacağının qiyməti müşahidələrin aparıldığı 1996-cı ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb.
Enerji daşıyıcıları, ərzaq, spirtli içkilər və tütün məhsulları nəzərə alınmadan hesablanan baza inflyasiyası isə demək olar ki, dəyişməyərək 2,8% səviyyəsində qalıb. Xidmət sektorunda illik inflyasiya da sabitliyini qoruyaraq 3,7% təşkil edib.
Oktyabrda istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,5% artıb. Ötən ilin eyni dövründə bu artım 0,4% olmuşdu.
Yanacaq bazarında qiymət artımı xüsusilə nəzərəçarpan olub. Oktyabrda dizelin bir litrinin orta qiyməti 7 pens artaraq 199,5 pensə yüksəlib. Benzinin litri isə 5,2 pens bahalaşaraq 174,7 pensə çatıb. Bu, benzin üçün 2022-ci ilin avqustundan bəri qeydə alınan ən yüksək göstəricidir.
Nəticədə mühərrik yanacağının qiymətləri oktyabra qədərki bir il ərzində 33,2% artıb. Sentyabrda illik bahalaşma 29,8% təşkil edirdi. Beləliklə, yanacaq qiymətlərindəki artım 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb.
Nəqliyyat xərcləri də inflyasiyanın yüksəlməsində əsas amillərdən biri olub. Bu sahədə qiymətlər sentyabrda 6,6% artdığı halda, oktyabrda illik artım 7,5%-ə yüksəlib.
Enerji daşıyıcılarının, xüsusilə avtomobil yanacağının, eləcə də tütün məhsullarının bahalaşması mallar üzrə inflyasiyanı 3,2%-dən 3,5%-ə çatdırıb. Bu, 2023-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir. Tütün məmulatlarının qiymətləri oktyabrda 5,2% artıb. Bu bahalaşma 1 oktyabr 2026-cı ildən qüvvəyə minən aksiz vergisi artımı ilə əlaqəli ola bilər. Müqayisə üçün, ötən il oxşar qiymət artımı noyabrın 26-da qeydə alınmışdı.
Enerji xərclərində də fərqli dinamika müşahidə olunub. Ofgem-in qiymət tavanına yenidən baxmasından sonra qazın qiyməti illik ifadədə 6,3% yüksəlib. Dəyişiklik nəticəsində ev təsərrüfatlarının orta illik enerji hesabı 73 funt sterlinq artaraq 1 935 funta çatıb.
Digər tərəfdən, 1 oktyabr 2026-cı ildən elektrik enerjisinə tətbiq olunan ƏDV-nin 5%-dən sıfıra endirilməsi bu sahədə qiymətlərin azalmasına təsir göstərib. Elektrik enerjisi əvvəlki ilin eyni dövründə 2,4% bahalaşdığı halda, bu ilin oktyabrında 0,8% ucuzlaşıb.
İnflyasiyanın artımını məhdudlaşdıran əsas amillərdən biri restoran və otel xidmətlərinin ucuzlaşması olub. Bu sektorda qiymətlər ay ərzində 0,4% azalıb. Ərzaq və alkoqolsuz içkilər üzrə illik inflyasiya isə 1,3%-dən 0,9%-ə enərək 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb.
Daşınmaz əmlak sahiblərinin mənzil xərclərini də nəzərə alan daha geniş CPIH inflyasiya göstəricisi oktyabrda 3,7%-ə yüksəlib. Sentyabrda bu göstərici 3,6% idi.
Beynəlxalq müqayisədə Böyük Britaniyada inflyasiya Fransanın 3,8%-lik ilkin göstəricisindən aşağı, Almaniyanın 2,8%-lik səviyyəsindən isə yüksək olub.
MONETAR.AZ