“Nvidia” şirkətinin direktorlar şurası qalmaqallı istefasından sonra Censen Huanqın baş direktor vəzifəsinə qaytarılmasını nəzərdə tutmur. “Associated Press”in məlumatına görə, Silikon Vadisinin tanınmış nümayəndələrinin və ABŞ Prezidenti Donald Trampın dəstəyinə baxmayaraq, şura onun istefası ilə bağlı qərarını dəyişməyib.
Şirkətin direktorlar şurasının sədri Harvi Cons Huanqın vəzifəsinə bərpasının planlaşdırılmadığını açıqlayıb. Bildirilir ki, şura bu qərarı yekdilliklə qəbul edib.
Huanq noyabrın 12-də şəxsi həyatı ətrafında yaranan qalmaqaldan sonra vəzifəsindən uzaqlaşdırılıb. İddialara görə, onun Çin kəşfiyyatı ilə əlaqələrdə şübhəli bilinən Sinqapurun “Megaspeed” şirkətinin keçmiş rəhbəri ilə nikahdankənar münasibətləri olub. Daha sonra “The New York Times” nəşri Huanqın tabeliyində çalışan, “Nvidia”nın səhiyyə üzrə vitse-prezidenti Kimberli Pauellə də romantik münasibətdə olduğu barədə məlumat yayıb.
Bununla belə, qalmaqal keçmiş rəhbərə dəstəyin azalmasına səbəb olmayıb. Şirkətin əməkdaşları, investorları, tərəfdaşları və İlon Mask da daxil olmaqla texnologiya sektorunun tanınmış simaları Huanqın müdafiəsinə qalxıblar. Donald Tramp da onun baş verənlərdən nəticə çıxardığını bildirərək vəzifəsinə qayıtmasını dəstəkləyib.
Noyabrın 18-də Huanq yenidən “Nvidia”ya rəhbərlik etməyə hazır olduğunu açıqlayıb. “Financial Times”ın mənbələrinə görə, onun tərəfdarları qeyri-rəsmi qərargah formalaşdıraraq keçmiş baş direktorun şirkətə qayıdışı üçün plan hazırlayırlar.
Bu arada “Nvidia” güclü maliyyə nəticələri ilə diqqət çəkib. Şirkətin üçüncü rübdə gəliri illik müqayisədə iki dəfə artaraq 116 milyard dollara çatıb. Səhm başına mənfəət isə analitiklərin 2,48 dollarlıq gözləntisini üstələyərək 2,70 dollar təşkil edib.
Maliyyə hesabatının açıqlanmasından sonra birjadankənar ticarətdə “Nvidia” səhmlərinin qiyməti 5,2% yüksəlib.
MONETAR.AZ