Hər il noyabrın 18-də Beynəlxalq İslam İncəsənəti Günü qeyd olunur. Bu gün İslam mədəniyyətinin dünya incəsənətinə verdiyi töhfələri tanıtmaq, tarixi və müasir sənət nümunələrini təbliğ etmək, həmçinin mədəniyyətlərarası dialoqu təşviq etmək məqsədi daşıyır.
Monetar.az xəbər verir ki, Beynəlxalq İslam İncəsənəti Günü 2019-cu ildə UNESCO-nun Baş Konfransının 40-cı sessiyasında təsis edilib.
İslam incəsənəti xəttatlıq, memarlıq, rəssamlıq, keramika, xalçaçılıq, musiqi, rəqs və metal emalı kimi çoxsaylı sənət sahələrini əhatə edir. Müxtəlif coğrafiyalarda formalaşan bu sənət ənənələri fərqli mədəniyyətlərin və texnikaların qarşılıqlı təsiri nəticəsində zənginləşib.
UNESCO bu günün qeyd olunmasını mədəni müxtəlifliyin qorunması, ifadə azadlığının təşviqi, tarixi irsin mühafizəsi və xalqlar arasında tolerantlığın gücləndirilməsi baxımından əhəmiyyətli hesab edir.
Azərbaycan da İslam incəsənətinin zəngin ənənələrini yaşadan ölkələrdən biridir. Ölkənin tarixi və mədəni irs nümunələrinin bir qismi UNESCO-nun müvafiq siyahılarına daxil edilib. İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası və Qobustan UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alır.
Azərbaycanın qeyri-maddi mədəni irs nümunələri arasında muğam, aşıq sənəti, xalçaçılıq, tar ifaçılığı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti, kamança ifaçılığı və digər ənənələr xüsusi yer tutur. Bundan başqa, Şəki şəhəri 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri də UNESCO çərçivəsində beynəlxalq səviyyədə qeyd olunub. Məhəmməd Füzulinin 500 illik yubileyi 1996-cı ildə, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyi isə 2000-ci ildə Parisdə, UNESCO-nun qərargahında qeyd edilib.
Bununla yanaşı, Nəsirəddin Tusi, Mirzə Kazımbəy, Lətif Kərimov, Üzeyir Hacıbəyli, Səttar Bəhlulzadə, Məhsəti Gəncəvi və Qara Qarayev kimi Azərbaycan mədəniyyətinin və elminin görkəmli nümayəndələrinin yubileyləri də təşkilatın dəstəyi ilə beynəlxalq səviyyədə qeyd olunub.
Beynəlxalq İslam İncəsənəti Günü İslam mədəniyyətinin dünya sivilizasiyasına təsirini bir daha xatırlatmaqla yanaşı, müxtəlif xalqların ortaq mədəni irsinin qorunmasının əhəmiyyətini ön plana çıxarır.