Dünyada ən çox ticarət nişanı müraciəti Çindən edilib. Ölkədə qeydə alınan müraciətlərin sayı 7,3 milyonu ötüb. Bu, ikinci yerdə qərarlaşan ABŞ-ın göstəricisindən təxminən 9 dəfə çoxdur.
Monetar.az xəbər verir ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) 2026-cı ilin mart ayında yenilənmiş məlumatları əsasında hazırlanan reytinqdə 10 ölkənin nəticələri müqayisə olunub.
Siyahıda ABŞ 838 min müraciətlə ikinci, Rusiya 559 min müraciətlə üçüncü yerdə qərarlaşıb. İlk beşliyi 533 min müraciətlə Hindistan və 436 min müraciətlə Braziliya tamamlayıb.
Türkiyə 400 min müraciətlə yeddinci sırada yer alıb. Sonrakı yerlərdə Fransa (362 min), Böyük Britaniya (348 min) və Yaponiya (340 min) qərarlaşıb. Almaniya isə 433 min müraciətlə altıncı olub.
2023-cü illə müqayisədə müraciətlərin sayında ən yüksək artım Braziliyada qeydə alınıb. Ölkədə göstərici 10,4 faiz yüksəlib. Hindistanda artım 7,4 faiz, Rusiyada isə 2,9 faiz təşkil edib.
Bunun əksinə, Çin və ABŞ-da müraciətlərin sayı müvafiq olaraq 1,4 və 1,3 faiz azalıb. İlk onluqdakı ölkələrin altısında geriləmə müşahidə olunub.