ABŞ kəşfiyyatı son günlər texnologiya şirkətlərinin xidmətlərində baş verən ardıcıl fasilələrin əlaqələndirilmiş və ya dövlət dəstəkli kiberhücumlarla bağlı olmadığını açıqlayıb. Rəsmi qiymətləndirməyə görə, kəsintilər texniki dəyişikliklər və texniki xidmət işlərindən qaynaqlanıb.
Monetar.az xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat Direktorunun (DNI) rəhbəri Cey Kleyton Nümayəndələr Palatasında keçirilən dinləmələrdə danışıb.
O bildirib ki, aparılan araşdırmalar nəticəsində hadisələrin bir-birindən ayrı texniki nasazlıqlar olduğu qənaətinə gəlinib. Bununla belə, kəsintilərin eyni dövrə təsadüf etməsinin suallar yaratdığını anlayışla qarşıladıqlarını qeyd edib.
Kleyton ABŞ kəşfiyyat qurumlarının ölkənin şəbəkələrinə və hüquq-mühafizə orqanlarına qarşı mümkün kiber təhdidləri izləməyə davam etdiyini vurğulayıb.
Dinləmələrdə ABŞ-İran münasibətlərinə də toxunulub. Kleyton İran mənşəli təhdidlərin artdığını və xüsusilə Yaxın Şərqdəki vəziyyətin diqqətlə izlənildiyini bildirib. Onun sözlərinə görə, ABŞ həm ölkə daxilində, həm də xaricdə İranla əlaqəli mümkün təhlükələrin qarşısını almaq üçün kəşfiyyat imkanlarından istifadə edir.
FBI direktorunun müavini Kristofer Rayia isə İran təhdidləri ilə mübarizə məqsədilə qurumun müvafiq əməliyyat mərkəzinin yeniləndiyini və bu istiqamətdə nəticələr əldə edildiyini açıqlayıb.
Qeyd edək ki, dinləmələrdə FBI direktoru Kaş Patel iştirak etməyib. Bu, Konqresin bir sıra üzvlərinin narazılığına səbəb olub.