Rolls-Royce 1 ildən çox müddətə hazırladığı lüks nərd dəstini təqdim edib

Rolls-Royce 1 ildən çox müddətə hazırladığı lüks

Britaniyanın lüks avtomobil istehsalçısı “Rolls-Royce” üzərində məşhur “Spirit of Ecstasy” (“Ekstaz ruhu”) simvolu əks olunan eksklüziv nərd dəstini təqdim edib. Bir ildən çox müddət ərzində hazırlanan bu xüsusi aksesuar markanın ənənəvi sənətkarlıq və dizayn yanaşmasını özündə birləşdirir.

Şirkət nərdin seçilməsinin təsadüfi olmadığını bildirir. Belə ki, hələ 1938-ci ildə “Wraith” modelinin sifarişçilərindən biri bu oyunun taxtasının avtomobilin salonuna inteqrasiya edilməsini istəyib. Yeni layihə də həmin tarixi sifarişdən ilhamlanaraq hazırlanıb.

Nərd taxtasının əsas hissəsi massiv Amerika qoz ağacından hazırlanıb. Oyun sahəsinin tərtibatında isə iki növ şpondan istifadə olunub. Ağac təbəqələrinin hər biri xüsusi olaraq seçilib və əl ilə uyğunlaşdırılıb. Dizaynda təbii dəri elementlərinə də yer verilib.

Dəstin diqqətçəkən xüsusiyyətlərindən biri bütöv metal parçasından yonulan və əl ilə cilalanan alüminium şarnirdir. Taxta açıldıqda onun mərkəzi hissəsi fırlanaraq kompozit oyun daşlarının yerləşdiyi bölməyə çıxış yaradır.

Aksesuarın xarici yan hissələrində isə öz-özünə mərkəzləşən “Spirit of Ecstasy” silueti yerləşdirilib. Bu simvol uzun illərdir “Rolls-Royce” avtomobillərinin kapotunu bəzəyərək brendin əsas vizual nişanlarından biri kimi tanınır.

Şirkət eksklüziv nərd dəstinin qiymətini açıqlamayıb. Onu “Rolls-Royce”un rəsmi şourumlarında və Private Office butiklərində sifariş etmək mümkündür.

MONETAR.AZ